əl-hac Hüseyn Əfəndi əş-Şəkəristani əl-Qaraqoyuni əş-Şirvani ən-Nəqşibəndi (1824, Şirvan xanlığının, Sərdərin mahalının Şəkər k.–1880, Ağsu r-u) – din xadimi.
Atası Həsən Ağakişi oğludur. Hacı Hüseyn Əfəndi Külüllü k.-də tədris və irşad fəaliyyəti göstərən Şeyx Hacı Əhməd Əfəndiyə intisab etmiş, zahiri elmlərlə yanaşı Nəqşibəndiyyə məktəbindən qaynaqlanan batini biliklərə də yiyələnmişdir. Mürşidi 1855 ildə Tambova sürgün edilərkən Hacı Hüseyn Əfəndi təsəvvüfi fəaliyyətə hazır idi. O, xilafənamə almaqla bərabər şeyxinin zahiri və batini təhsil görmüş qızı Hacı Gülpəri ilə evlənmək şərəfinə də nail olmuşdur. Bu zaman şeyxlərin təqib olunması ilə əlaqədar uzun müddət təsəvvüfi fəaliyyət gizli həyata keçirilirdi. Səbəb, Dağıstan və Çeçenlərdə Nəqşibəndiyyə müridlərinin liderlik fəaliyyəti və ruslarla müharibə aparan türklərdə həmin təriqətin üstünlük təşkil etməsi idi. Lakin 1856 ildə Krım müharibəsi, 1859 ildə Qafqaz müharibəsi başa çatdı. İmperiyanın radikal siyasətində yumuşalma və yerli nüfuz sahibləri ilə razılaşma nəzərə çarpır.
Beləliklə, Hacı Hüseyn Əfəndinin fəaliyyəti genişlənir. 1863 ildə Hacı Hüseyn Əfəndi Bərgüşad dairəsinin İnçə k-də (Göyçayda) yaşayır və təsəvvüfi fəaliyyətlə məşğul olurdu. Hacı Qəhrəman bəyin vəfatından sonra Şirvan müridlərinin əksəriyyəti yenidən bir şəxs Hacı Hüseyn Əfəndinin ətrafında toplaşır. Odur ki, onu “Nəqşibəndiyyə təriqətinin Şeyxi, Arif, Ali (şəxslərin) qütbü” kimi vəsf etmişlər.
Əl-Hac Hüseyn Əfəndi 1880 ildə (h.1297) vəfat etmişdir. O, öz yerinə qardaşı, Hacı Əhməd Əfəndidən və şeyxin özündən zahiri və batini təhsil görmüş Hacı Süleymanın irşad etməsini istəmiş, ailəsini və kitablarını ona əmanət etmişdir.
Əl-Hac Hüseyn Əfəndi Qaraqoyunluda, Nazırçay sahilində (Ağsu r-u) dəfn edilmişdir. Qəbri üzərində türbə ucaldılmışdır. Lakin çayda sel sularının artması nəticəsində kəndin ümumi qəbristanlığı zərər çəkmişdir. Odur ki, 1907-1909 illərdə şeyxin oğlu Mustafa Şah tərəfindən qəbrin və türbənin yeri dəyişdirilmişdir. Xıdırlı müridlərinin Ələtdən gətirdiyi ağ əhəng daşlarından memar Bakılı Xələf “Ağ Kümbəz” türbə kompleksini inşa etmişdir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 98-99