Rəhim Məhəmməd oğlu Əfəndizadə (1862, Göyçay qəz. Qaraman k., – 1924, Göyçay qəz. Qaraman k.) – maarifçi, pedaqoq, ilahiyyatçı, din xadimi, xeyriyyəçi.
Rəhim Məhəmməd oğlu Əfəndizadə Göyçayın Qaraman k.-də Şirvanın ziyalı şəxsiyyətlərindən Məhəmməd Əfəndinin ailəsində anadan olmuşdur. Ərəb və fars dillərində mükəmməl mədrəsə təhsili almış Məhəmməd kişi kiçik oğlu Rəhimə qələm tutmağı, yazı yazmağı öyrətmişdir. Rəhimdə yazmağa, oxumağa xüsusi marağı görən atası ona evdə savad öyrətdikdən sonra məhəllə məktəbinə vermişdir. Kiçik Rəhim təhsil aldığı məktəbdə əslən Kürdəmirdən olan Molla Cəbrayıl Əfəndidən ərəb və fars dillərini öyrənmişdir. O, Rəhimdə olan xüsusi marağı görüb onunla daha ciddi məşğul olmağa başlayır. Rəhim burada ərəb və fars dillərini öyrənərək, Qurani-Kərimin müqəddəs müddəalarına yiyələnir. Mədrəsə təhsilini tamamlayan Rəhim Əfəndi 1878 ildə Göyçayda ilk açılan yeni məktəbdə təhsilini davam etdirir. Burada müəllimi Hacı Əhməd Əfəndi olur, rus, fars, ərəb dilləri, hesab, ana dili fənlərindən dərs keçir. 1883 ildə həmin məktəbin ilk məzunlarından olan gənc Rəhim təhsilini davam etdirmək üçün Qori müəllimlər seminariyasında oxumaq istəsə də, bəzi səbəblər üzündən ora gedə bilmir.
Bundan sonra bir müddət öz kəndi Qaramanda müəllimlik edir, oxumağa həvəsi olan şagirdləri ətrafına toplayaraq, onlarla məşğul olur. 1883-89 illərdə Alpout k. məktəbində müəllim işləyir. Eyni zamanda Alpout k. məktəbinin binasını inşa etdirib.
1889 ildə atası Məhəmmədin məsləhəti və xeyr-duası ilə Türkiyəyə səfər edir. Səfərin məqsədi türk tarixi və ədəbiyyatı ilə yaxından tanış olmaq, qabaqcıl din xadimləri ilə görüşmək və islamın müqəddəs şəhərini ziyarət etmək olur. Rəhim Əfəndi Türkiyədəki möhtəşəm məscidləri görüb, qayıdarkən öz kəndində məscid tikdirmək qərarına gəlir. 1890 ilin sonlarında Türkiyədən Məkkə səfərinə yollanır. Peyğəmbərin müqəddəs şəhərini və məzarını ziyarət edir.
Hacı Rəhim Əfəndi 1891 ildə vətənə qayıdır. Elə bu vaxtdan o, Qaraman k.-də məscidin tikintisinə başlayır. 1891 il avqustun 26-da k. camaatının və onun iştirakı ilə məscidin təntənəli açılışı olur. Məscidin açılmasında onun məqsədi həm müsəlmanlar üçün ibadət evi yaratmaq, həm də kənd uşaqlarını həmin məscidə toplayıb onlara ilahiyyatdan, islam dininin əsaslarından, əxlaqdan bilik vermək idi.
Bu dövrdəki pedaqoji fəaliyyəti tanınmış pedaqoqların diqqətini cəlb edir və 1891 ilin oktyabr ayında Hacı Rəhim Əfəndinin həyatında əlamətdar hadisə baş verir. Göyçayda müasir tipli ikisinifli məktəbin direktoru N.Kalaşovun müraciətinə Qafqaz Təhsil İdarəsi müsbət cavab verərək, Hacı Rəhim Əfəndini rəsmən həmin məktəbə ilahiyyat müəllimi təyin edir.
Hacı Rəhim Əfəndi ilə eyni vaxtda Göyçay ikisinifli məktəbinə daha bir tanınmış pedaqoq, Qori seminariyasının məzunu M.Mahmudbəyov da müəllim təyin edilir. Hər iki şəxsiyyətin birgə səyi ilə bölgədə tədris prosesi yenilənir, müasir və səmərəli təlimin üsulları tətbiq olunmağa başlanır. Pedaqoji fəaliyyəti genişlənən, nüfuzu artan Hacı Rəhim Əfəndi 1893 ildə Göyçay qəz.-nın Bığır k.-də “Rus-Azərbaycan“ məktəbi yaradır, məktəb nəzdində kitabxana təşkil edir, məktəb böyük uğur qazanır, şagirdlərin sayı artır. Bığır k.-də məktəb binası tikdirib, həmin məktəb binasında 1994 ilə qədər Bığır məktəbliləri təhsil alıblar. Bığır əhalisinə göstərdiyi təmannasız xidmətlərinə, xeyriyyəçilik əməllərinə görə kənd sakinləri Hacı Rəhim Əfəndi vəfat etdiyi zaman onu hörmət əlaməti olaraq kəndin yuxarı hissəsində yerləşən qəbiristanlığın ən yüksək təpəsində dəfn ediblər. Bığırlılar Hacı Rəhim Əfəndinin soyundan olan Əfəndizadələr ailəsinə mənsub şəxlərin həmin ərazidə dəfni üçün böyük ərazi ayırmaqla ona olan ehtiramlarını bir daha sübut etmişlər.
Dövrünün maarifpərvər pedaqoqlarından olan Hacı Rəhim Əfəndi həm də vətənpərvər xeyriyyəçi kimi fəaliyyət göstərmişdir. O, Bığır, Alpout, Qaraman k.-lərində açdığı “Rus-Azərbaycan“ məktəblərinə öz vəsaiti hesabına binalar tikdirmiş, ətraf kəndlərin uşaqlarını təhsilə cəlb etmişdir. Hacı Rəhim Əfəndi ana dili dərslərinin tədrisi, Azərbaycan dilində dərsliklər hazırlanması ilə də xüsusi məşğul olmuşdur. Hətta ana dilində tədris materialı əldə etmək üçün Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Göyçay və digər əraziləri gəzərək xalqımızın etnoqrafiyasına, folkloruna aid çoxlu sayda material toplamış, bunlardan tədrisdə istifadə etmiş və ibtidai siniflər üçün dərslik hazırlamışdır. Bu dövrdə 2000 atalar sözünü toplayıb çap edən N.Kalaşov bu işdə ona yaxından kömək edən azərbaycanlı ziyalılar içərisində S.M.Qənizadə və M.Mahmudbəyovla yanaşı, Hacı Rəhim Əfəndinin də adını çəkmişdir.
1894 ildə Qafqaz Təhsil İdarəsi M.Mahmudbəyov və N.Kalaşovun müraciəti əsasında pedaqoji təhsili olmayan, ancaq təhsil sahəsində böyük xidmətlər göstərmiş Hacı Rəhim Əfəndiyə müstəsna hal kimi yüksəkrütbəli ibtidai sinif müəllimi hüququ verən rəsmi sənəd təqdim edir.
Qafqaz Təhsil İdarəsi müdirinin 1902 ilə dair hesabatında təlim müvəffəqiyyətinə və şagirdlərin sırf azərbaycanlılardan olmasına görə Bığır k. məktəbində vəziyyət qənaətbəxş hesab olunmuşdur.
Bığır məktəbinə bütün təbəqələrdən 8 yaşlı oğlan uşaqları qəbul olunurdu. Qəbul olunanlardan təhsil haqqı və təxmini bilik tələb olunmurdu. Tədris olunan fənlərin siyahısına şəriət, rus dilində oxu, Azərbaycan dilində oxu və yazı, hesab daxil idi. Fənlərin əksəriyyətini, o cümlədən rus dilini Hacı Rəhim Əfəndi özü tədris edirdi. O, şagirdlərin təlim müvəffəqiyyətlərinin yüksəldilməsi və onların qiraətə olan maraq və tələbini nəzərə alaraq öz hesabına məktəbin nəzdində kiçik kitabxana da təşkil etmişdi.
1902 ilin oktyabrına kimi Bığır k.-də müəllimlik edən Hacı Rəhim Əfəndi həmin ildə doğma kəndi Qaramana qayıdır. O burada 1891 ildə tikdirdiyi məscidin fəaliyyətini canlandırmaqla yanaşı, k. uşaqlarına təhsil verirdi. Məsciddə təşkil olunan məktəbə gələnlərin sayı artdığına görə k. sakinlərinin köməkliyi ilə məktəb tikdirib. Bu siniflərin tikintisində k. sakinlərindən Mahmud Qədirovun, Veysəl Nəsirovun və Qafur Abdullayevin böyük köməyi olmuşdu. Qaraman məktəbi üçün tikilmiş bir neçə sinif otağında dərs keçməklə yanaşı, qonşu kəndlərdən gələn uşaqların qalmasına da şərait yaratmışdı.
Hacı Rəhim Əfəndi Qaraman məktəbində dini təhsillə yanaşı, şagirdlərə dünyəvi təhsil də verirdi. Şagirdlər burada ərəb əlifbasını öyrənərək Quranı oxuyur, Azərb. dilinin qrammatikası ilə yaxından tanış olurdular. Sonrakı mərhələdə isə fars və ərəb dilləri, məntiq, ritorika, hesab, Quranın təfsiri, şəriət və digər elmlər tədris olunurdu.
Hacı Rəhim Əfəndi Qaraman k.-də yeni tipli məktəb açmaq üçün çox böyük işlər görmüşdür və sonda bunlar öz müsbət nəticəsini vermişdir. Onun rəsmi məktubla 1903 ilin aprelində Bakı quberniyasına və Dağıstan məktəbləri direktorluğuna Qaraman kəndində ibtidai məktəb açılması ilə bağlı xahişinə iyun ayında müsbət cavab gəldi. Qaramanda açılan yeni tipli məktəb Hacı Rəhim Əfəndinin təşəbbüsü ilə Göyçayda fəaliyyətə başlayan yeni tipli üçüncü məktəb idi. Nəvəsi Elxan Süleymanov tərəfindən 2016 ildə yenidən inşa edilərək Qaraman məktəblilərinə hədiyyə edilmişdir.
Hacı Rəhim Əfəndinin Qaraman k.-də təşkil etdiyi yeni tipli məktəb ikisinifli, 5 il təhsil verən məktəb idi. Bu məktəbin illik xərcinin əsas hissəsi k. camaatı tərəfindən könüllü toplanılırdı. Hacı Rəhim Əfəndi pedaqoji ustalıqla bu problemi də həll edir və onun təcrübəsi digər məktəblərə də yayılır. O, kənd əhalisinin vəziyyətini yüngülləşdirmək məqsədilə məktəbin ərazisinə daxil olan torpaq sahəsində şagirdlərin gücü ilə, əmək təlimi formasında baramaçılığı və arıçılığı inkişaf etdirmək qərarına gəlir. Bunu rəsmiləşdirmək üçün bir neçə müvafiq dövlət qurumlarına məktubla müraciət etdikdən sonra, nəhayət, icazə ala bilir. Beləliklə, şagirdlərin əmək təlimindən əldə edilən gəlirlər k. camaatını məktəbə maddi köməklik göstərməkdən azad edir. Qaraman k.-də tətbiq olunan bu təcrübə sürətlə digər kəndlərdəki məktəblərə də yayılır. Hacı Rəhim Əfəndi Qaraman və Bığır k. məktəbliləri üçün dərslik tərtib edib.
Hacı Rəhim Əfəndinin 1883–1920 illəri əhatə edən maarifçi-pedaqoji fəaliyyəti yalnız Göyçayla məhdudlaşmayıb. Azərb. müəllimlərinin birinci (15-30 avqust 1906), ikinci (25 avqust 1907), üçüncü (20 avqust – 1 sentyabr 1919) qurultaylarının təşkilatçılarından və iştirakçılarından biri olan Hacı Rəhim Əfəndi Maarif Komissiyasının tərkibində fəaliyyət göstərib, Təhsil Muzeyinin yaradılmasının təşəbbüskarı olub. Təhsil Muzeyi bu gün də Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərir.
XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı mövcud problemlərin həllinə kömək məqsədilə Azərb. Müəllimlərinin I Qurultayı (15-30 avqust 1906 il) təşkil olundu. Bu qurultayda iştirak etmiş Hacı Rəhim Əfəndi burada görkəmli şəxsiyyətlərlə, konkret olaraq H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, F.Ağazadə, F.B.Köçərli ilə görüşərək fikir mübadiləsi aparmışdı. 1905 ildə başlamış I Rus inqilabının təsiri ilə I qurultayda xalq maarifinin yerli əhalinin idarəsinə verilməsi, üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsilin həyata keçirilməsi; kişilərlə bərabər qadınlara da təhsil hüququnun verilməsi; tədrisin hər bir xalqın öz ana dilində aparılması; maddi vəziyyətini yaxşılaşdırmaqla xalq müəllimləri hazırlığının təkmilləşdirilməsi və s. tələblər irəli sürüldü. Qurultayda həmçinin orta məktəblərin sayının artırılması, müəllim hazırlığının yaxşılaşdırılması, yaşlılar üçün axşam məktəbləri yaradılması problemləri müzakirə olunmuşdu.
Hacı Rəhim Əfəndinin fəal iştirak etdiyi II qurultayda (25 avqust 1907) 1906 ildə çağırılan qurultayın tərtib etdiyi proqramlara, Azərb. dili və hesab kitablarına, Azərb. dilində tədris üsulunun işlənilməsinə, ruhani məktəblərinin işinin, nizama salınmasına və s. məsələlərə baxılıb. Qurultayda ibtidai qızlar məktəbi üçün ümumi və müntəzəm proqram tərtibi Hacı Rəhim Əfəndi ilə uzun illər bir yerdə işləmiş, yaxın dostu Mahmudbəyova tapşırıldı.
Hacı Rəhim Əfəndi qadın azadlığı və təhsilinə xüsusi fikir verir, qadının ictimai həyatda mühüm rol oynaması üçün mühitin yaradılmasını təbliğ edirdi. Müəllimlər qurultaylarının qərarlarına əsaslanaraq Göyçayda qız məktəbinin təşkili üçün böyük işlər görmüşdü. O, həmvətənləri ilə bərabər Göyçayda müsəlman-qız məktəbinin açılması üçün dövlət orqanlarına xahiş etmişdir. Onun bu təşəbbüsü yaxşı nəticə vermiş, müəllimlər ittifaqı 1917 ilin avqustunda Göyçay şəhərində müsəlman-qız məktəbinin açılması barədə qərar qəbul etmişdi. 1917 il sentyabrın 30-da Göyçay şəhərində müsəlman-qız məktəbi açılmışdı.
AXC dövründə keçirilmiş III qurultayda (20 avqust – 1 sentyabr 1919) da Hacı Rəhim Əfəndi fəal iştirak edib. Qurultayda bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradıldı.
Ömrünün çoxunu xalqın maariflənməsi yoluna sərf edən Hacı Rəhim Əfəndi 61 yaşında haqqın dərgahına qovuşmuşdur. Görkəmli maarifçi, pedaqoq, xeyriyyəçi Hacı Rəhim Əfəndinin övladları, nəvələri, nəticələri onun işini şərəflə davam etdirib və bu gün də davam etdirirlər. Onun övladlarından Abdulla Əfəndiyev, Əhməd Əfəndiyev, Ziya Əfəndiyev, Sirac Əfəndiyev müəllimlik sənətinə yiyələnərək, AXC dövründə və 20-30-cu illərdə savadsızlığın ləğvində, gənc nəslin təlim və tərbiyəsində mühüm rol oynamışlar.
AXC Maarif Nazirliyinin məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə yaratdığı xüsusi komissiyasında Hacı Rəhim Əfəndinin oğlu Abdulla bəy Əfəndizadə mühüm rol oynamışdır. Həmin komissiyanın tərkibinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Sultanməcid Qənizadə, Rəşid bəy Əfəndiyev, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə ilə yanaşı, Abdulla bəy Əfəndizadə də daxil edilmişdir. Bu dövrdə marifçiliyin inkişafında Məhəmməd ağa Şahtaxtlı, Əlicabbar Orucəliyev, Mirzə Rəhim Mirzəyev, Rəşid bəy Kaplanov da mühüm rol oynamışdır. Bu dövrdə fəaliyyət göstərən qız məktəblərində N.Axundova, İ.Heydərova, H.Məlikova, D.Muradxanova, Ş.Əfəndiyeva kimi görkəmli pedaqoqlar və ali seminariya təhsilli müəllimlər çalışırdılar. Hacı Rəhim Əfəndi özü də bu komissiyasının işinə yaxından kömək göstərmiş, onların gərgin fəaliyyəti nəticəsində 1919 ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “Rəhbər cəbr”, “Tarixi-təbii”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Milli qiraət” kimi dərsliklər nəşr olunmuşdu.
“Nicat” cəmiyyətinin fəal üzvü olan Hacı Rəhim Əfəndi ümummilli tarixi hadisələrdən, xalqımızın müstəqillik mübarizəsindən də kənar qalmayıb. 1918-ci il iyunun əvvəllərində rus-bolşevik-erməni daşnak birləşmələrinin Göyçay qəzasına yaxınlaşmalarını hiss edən Bığır kəndinin cavanları, o cümlədən polkovnik Həmid yüzbaşı, Əli əfəndi, Hacı Rəhim əfəndi Gəncədə yerləşən QİO komandanı Nuru Paşaya məlumat verirlər. Bundan sonra kəndin cavanlarını səfərbər edib. İyunun 16-da Nuru Paşa Çaxırlı kəndi ərazisindən Bığıra daxil olana qədər kənd camaatının qorunmasını təmin ediblər. 1918 ilin mart qırğınları zamanı Şamaxı və Ağsudan Göyçaya pənah gətirən köçkünlərin və Qafqaz İslam Ordusu əsgərlərinin Göyçay döyüşlərində üzləşdiyi problemlərinin həllində Hacı Rəhim Əfəndi fəal iştirak etmişdir. Göyçay döyüşləri ərəfəsində və qanlı döyüşlərin getdiyi vaxt, yerli əhalidən könüllülərin toplanmasında, döyüşlərin təşkilində, ordunun ərzaq və su ilə təchizatında mühüm rol oynamışdır. O, Göyçayın nüfuzlu şəxsiyyətlərindən olan Sadıq ağa, Həzrət bəy kimi şəxsiyyətlərlə birlikdə yaralıların müalicəsi və Ucar stansiyası vasitəsilə Gəncəyə daşınmasında, şəhidlərin dəfnində bir din xadimi kimi iştirak etmişdir. Onun Qaraman k.-də öz hesabına 1891 ildə tikdirdiyi məsciddə yerli əhali ilə yanaşı, 1918 ilin iyununda Göyçayda olmuş Qafqaz İslam Ordusunun əsgərləri də ibadətlə məşğul olmuşlar.
Uzun müddət xalqın maariflənməsi uğrunda çalışan görkəmli pedaqoq Hacı Rəhim Əfəndi öz vəsaiti hesabına Bığır, Alpout, Qaraman k.-lərində məktəb binaları tikdirmiş, xalqın savadlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Onun tikdirdiyi Qaraman k. orta məktəbi hazırda Hacı Rəhim Əfəndinin adını daşıyır. Tikdirdiyi Qaraman məscidi nəvəsi Elxan Süleymanov tərəfindən yenidən bərpa edilərək fəaliyyət göstərir.
Obyektiv və subyektiv səbəblərdən görkəmli şəxsiyyətin nəslindən olan tanınmış adamların bir hissəsi Əfəndizadə soyadını daşımasalar da, onun xalq üçün gördüyü xeyirxah işləri şərəflə davam etdirirlər.
Mənbə: E.Süleymanov, Nəsirov B.M. Hacı Rəhim Əfəndi. – Azərbaycan Tərcümə Mərkəzi, Bakı, 1993.