Bu ziyarətgah r-nun Cəyirli k. qəbiristanlığının ərazisindədir. Üzərində 4 m enində, 5 m uzunluğunda bişmiş kərpicdən günbəz ucaldılmış bu qəbrin sahibi Hacı Xəlil baba olmuşdur. Hacı Xəlil baba təxminən XVI əsrin sonu – XVII əsrin əvvəllərində yaşamışdır. Hacı Xəlil Əfəndi bu əraziyə sonradan gəlmişdir. Onun nəslindən olan M.İsmayılovun dediklərinə görə, Hacı Xəlil baba Kür qırağından olmuşdur. Maldarlıqla məşğul olduqlarına görə, onlar Ucarın Şilyan k.-nə gəlmişlər. Bu k.-ə gəldikdən sonra Hacı Xəlil babanı bu k.-də su işlərinə baxması üçün ağsaqqal seçiblər. Sonradan Göyçay r-nunun Qızılağac k.-nə gəlmiş və burada məskunlaşmışdır. Hacı Xəlil Əfəndinin yaşadığı ərazilər bu gün ocaq kimi bilinməkdə, bu yerlər ziyil piri, yara piri kimi tanınmaqdadır. Hacı Xəlil babanın nəsli hamısı şeyx, övladlarının hamısı Hacı olmuşdur. Çərəkə k.-ində olan övliya Qədir baba, Məcid baba Hacı Xəlil babanın qız övladlarındandır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 109-110.