(8.10.1950, Ucar r-nunun Lək k.) – iqtisad e.d. (1980), prof. (2004).
1966 ildə orta məktəbi bitirmiş və D.Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1970 ildə institutu bitirdikdən sonra təyinatla Azərb. Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir. 1971 ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974 ildə təhsilini başa vurmuşdur. 1974 ilin noyabr ayından 1976 ilin fevral ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1981 ilə qədər həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır.
1981 ildə müsabiqədən keçərək D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna baş müəllim, 1986 ilin noyabrında dos. vəzifəsinə seçilmişdir. 1989 ildə “Ticarətin iqtisadiyyatı və idarə edilməsi” kafedrasına müdir təyin olunmuşdur. 1993-96 illərdə “Marketinq və xarici iqtisadi əlaqələr”, 1996–2000 illərdə “Marketinq və beynəlxalq iqtisadi münasibətlər”, 2001 ildən isə “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasına rəhbərlik edir. 3 noyabr 2004 il tarixində Azərb. Resp.-sı Prezidentinin sərəncamı ilə ADİU-nun rektoru təyin olunmuşdur və 5 mart 2014 il tarixinə kimi bu vəzifədə çalışmışdır. Universitet fəaliyyəti dövründə bir sıra ictimai işlərdə çalışmış, İnstitutun Həmkarlar Komitəsinin sədri, ADİU-nun Dissertasiya Şurasının və Tbilisi Dövlət Universitetinin Dissertasiya Şurasının üzvü, Azərb. Marketinq Assosiasiyasının vitse-prezidenti olmuşdur.
1980 ilin yanvarında “Azərbaycan SSR-in pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad e.n. alimlik dərəcəsi, 1992 ildə dos., 2004 ildə isə prof. elmi adını almışdır.
1999–2001 illərdə T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur. 2001 ilin iyun ayında həmin institutda “Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də “Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır.
Avropa Rektorlar Klubunun üzvü, Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) və Avstriya Beynəlxalq Universitetinin fəxri doktorudur. 110-dan çox elmi əsərin müəllifidir (2 monoqrafiya, 10-a qədər kitab, 4 dərslik və dərs vəsaiti, 60-dan çox elmi məqalə, məruzə, tezislər).
2010 ilin noyabr ayında 89 saylı Göyçay–Ağdaş seçki dairəsindən Azərb. Resp.-sının MM-inə deputat seçilmişdir. MM-in Elm və Təhsil Komitəsinin sədridir. Azərbaycan–Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Almaniya Federativ Respublikası, Azərbaycan–İran, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
10 noyabr 2011 il tarixində Azərb. Resp.-sının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Məlumat Azərb. Resp.-sının MM-inin saytından götürülmüşdür.