(9.5.1920, Göyçay qəz. Bığır k. – 9.4.2002, Göyçay ş.) – müəllim, Böyük Vətən müharibəsi iştirakçısı, Fransa Müqavimət Hərəkatının üzvü, partizan dəstəsinin komandiri.
Hacıyev Bığır k. məktəbini bitirdikdən sonra 1937 ildə Göyçay Pedaqoji Texnikumuna daxil olmuş, 1939 ildə bitirmişdir. Bir neçə ay müəllim işlədikdən sonra 1939 ildə hərbi xidmətə çağırılmışdır. 1939-41 illərdə Tbilisi hərbi məktəbində oxumuş, leytenant rütbəsi almışdır. Böyük Vətən müharibəsi başlandıqda Sovet Ordusunun bir qrup hərbçisi ilə İrana göndərilmiş dir. Hacıyev 1942 ilin yazına kimi İranda xidmət etmişdir. Krım yarımadasında hərbi vəziyyət kəskin şəkildə pisləşdiyi üçün mobil dəstə ilə Simferopol şəhərinə göndərilmişdir. Göstərdiyi şücaətə görə komandanlıq tərəfindən ordenlə təltif olunmaq üçün təqdim edilmişdir.
Kerç uğrunda gedən döyüşlərdə ağır yaralanaraq, almanlar tərəfindən əsir götürülərək hərbi lazaretə yerləşdirilir. Faşistlərlə əməkdaşlıqdan imtina etdiyinə görə Polşada qala-həbsxanaya salınır. Bir müddətdən sonra Fransanın Rode ş.-dəki hərbi əsir düşərgəsinə təxliyə olunur. Hacıyev düşərgədə bir dəstə əsirlə birlikdə antifaşist qrup yaradır. Qrupun üzvləri düşərgədə işləyən yerli mülki şəxslər vasitəsi ilə fransız partizanları ilə əlaqə yaradırlar. Qrup üzvləri mühafizəçilərə hücum edib düşərgədən qaçmağa, partizanlara qoşulmağa nail olurlar. Bu zaman qrup üzvlərindən bir hissəsi həlak olur. Zabit olduğu üçün Hacıyev partizan dəstəsində kiçik bir qrupa komandir təyin edilir. Bir neçə döyüş tapşırığını uğurla yerinə yetirdiyi üçün 1944 ilin yayında onu böyük bir dəstəyə komandir təyin edirlər. Onun rəhbərlik etdiyi beynəlmiləl dəstə döyüşlərdə rəşadət göstərərək faşistlərə sarsıdıcı zərbələr vurur. X.Hacıyev göstərdiyi şəxsi igidliyə və komandirlik məharətinə görə Fransa dövləti tərəfindən 2 dəfə “Xaç” ordeni və 2 medalla təltif edilir. Fransa Müqavimət Hərəkatının lideri marşal Şarl de Qoll tərəfindən adı üzərində yazılmış silah və qızıl saatla mükafatlandırılır. Hacıyev Qələbədən sonra vətənə qayıdır. 1949 ildə repressiyaya məruz qalaraq Sibirə sürgün edilir. Bu zaman Şarl de Qollun mükafatları müsadirə edilir. 1956 ildə bəraət alır və ondan dövlət səviyyəsində üzr istənilir. Ondan müsadirə edilmiş silah və qızıl saat geri qaytarılmır. Azad olunduqdan sonra ali təhsil alır. Hacıyev 1956-66 ilə kimi Göyçay r-nunun bir sıra məktəblərində müəllim işləmişdir. 1966 ildən ömrünün sonuna kimi R.Rza adına Göyçay ş. 1 saylı orta məktəbdə direktor müavini və müəllim kimi fəaliyyət göstərmişdir. Səmərəli pedaqoji fəaliyyətinə, fədakar əməyinə görə “Qabaqcıl maarif xadimi” adına layiq görülmüşdür. O, Göyçay r-n Əmək, Müharibə, Silahlı Qüvvələr Veteranları və Ağsaqqallar Şurasının sədri kimi ictimai iş aparmışdır.
Məlumat A.Məmməddən alınıb.