Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il iyulun 7-də Göyçaya səfəri çərçivəsində rayon mərkəzindəki istirahət guşəsinə – ümummilli lider Heydər Əliyevin adını daşıyan seyrəngaha gəldi. Küçələrə çıxmış və istirahət guşəsinə toplaşmış minlərlə sakin dövlətimizin başçısını hərarətlə salamlayır, ona hörmət və ehtiramlarını ən səmimi sözlərlə ifadə edirdilər. Bəziləri isə respublikamızın rəhbərinə yaxınlaşaraq problemlərindən söz açırdılar.
Prezident İlham Əliyev sakinlərlə səmimiyyətlə görüşərək, göstərdikləri münasibətə görə təşəkkürünü bildirdi, onları narahat edən problemlərin araşdırılıb həll ediləcəyini söylədi.
Göyçay sakinləri ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı tarixi xidmətlərini məmnunluqla xatırlayır, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun daxili və xarici siyasətini bundan sonra da dəstəkləyəcəklərini vurğulayırdılar.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla ulu öndər Heydər Əliyevin burada ucaldılmış əzəmətli abidəsi önünə gül dəstələri qoydular, seyrəngahdakı səliqə-sahmanı, istirahət üçün yaradılmış şəraiti yüksək qiymətləndirdilər.
Dövlətimizin başçısı və ailə üzvləri Heydər Əliyev seyrəngahındakı Uşaq Əyləncə Mərkəzi ilə də tanış oldular, musiqi ansamblının çıxışına qulaq asdılar, onlara uğurlar arzuladılar.