Ümummilli liderimiz Heydər Əliyev rəhbərlik etdiyi illərdə Azərbaycanın dünyada tanınması, ölkəmizdə iqtisadiyyatın yüksəldilməsi, nəhəng tikinti, quruculuq və memarlıq işlərinin aparılması, xalqımızın milli mədəniyyətinin inkişafı, sosial rifahının yüksəldilməsi üçün misli görünməmiş işlər görmüşdür.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Göyçay rayonunun iqtisadi inkişafı üçün misilsiz işlər görməklə, Göyçayda çoxmərtəbəli yaşayış evləri, yaraşıqlı məktəb binaları, uşaq bağçaları, mədəniyyət evi, çörək zavodu, Nar emalı zavodu kimi nəhəng sənaye obyektləri inşa etdirmişdir.
Heydər Əliyev I hakimiyyət illərində üç dəfə Göyçay rayonuna səfər edib (1972,1978,1981) və hər gəlişində rayonumuzun çox ciddi problemlərini,taleyüklü məsələlərin həllini təmin etmişdir.
Heydər Əliyev 1972 ildə “ S.Vurğun” kolxozunda, 1978 ildə “Şirvan və Engels” kolxozlarında, 1981 ildə isə Bığır və İnçə kəndlərində olub. Burada H.Əliyev 75 çarpayılıq xəstəxana tikilməsinə göstəriş vermişdir. Muzeydə yerləşən, Heydər Əliyevin Göyçaya etdiyi səfərini əks etdirən eksponatlar yalnız 1978 ili əhatə edir.
1972 ildə Göyçay şəhərini sel sularından mühafizə edən bəndin tikintisi, 1978 ildə rayonun istifadə edilən torpaq fondunun artırılması məqsədilə Törə və Çərmədil dağlarına suvarma suyunun verilməsi və bununla 800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, 1982 ildə Göyçay Nar emalı zavodunun istifadəyə verilməsi Heydər Əliyevin rayona tarixi səfərlərinin nəticəsində mümkün olmuşdur.
Məhz Heydər Əliyevin köməkliyi nəticəsində Göyçay çayında sahil bərkitmə və seldən mühafizə məqsədi ilə 7 metr hündürlüyündə, 252 metr uzunluğunda beton bənd çəkilmişdi. Bu, sahil boyunca yaşayan 200 nəfərdən artıq ailənin ev və həyətyanı torpaq sahələrinin sel sularından dağılmaq təhlükəsini aradan qaldırmışdır.
Göyçayda Heydər Əliyevin tapşırığı və ardıcıl diqqəti sayəsində Göyçay çayı üzərində Respublikamız üçün strateji, rayonumuz üçün həyat təminatlı körpü tikilmişdir.
Göyçaylılar Ulu öndərimizin bu oba üçün etdiklərinin heç birini unutmur. Heydər Əliyev körpüyə öz adının verilməsinə icazə verməsə də, göyçaylılar bu körpünü fəxrlə “Heydər Əliyev körpüsü” adlandırdılar. Əsrlər ötəcək tarixin yaddaşına əbədi olaraq bir ünvan yazılacaqdır. Məhz bu ünvan Heydər Əliyev şəxsiyyətinin “tikmədim özüm qalam, tikdim ki, izim qala” xalq fəlsəfəsinə söykənən əməllərinin məntiqi nəticəsi olacaqdır.
Əd.: https://heydaraliyev-centers.az/goychay/heydar-aliyev-ganja