(1.7.1959, Göyçay ş.) – jurnalist-tədqiqatçı, sənətşünaslıq ü.f.d. (2007), AYB-nin (1995), Azərb. Jurnalistlər Birliyinin üzvü (1987) və Azərb. Resp. Kinematoqrafçılar İttifaqının üzvü (2013), Əməkdar mədəniyyət işçisi (2016), “Qızıl qələm” (1994) mükafatı laureatı.
ADU-nun Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib (1985). Mülki və hərbi jurnalistika sahəsində fəaliyyət göstərib (1993-2007). “Bakı”, “Yeni fikir”, “Müstəqil qəzet”, “Ülfət” qəzetlərində, Dövlət Teleradio Verilişləri Şirkətində işləyib. “Azərbaycan ordusu” (1993-95) qəzetinin və “Hərbi Nəşriyyat”ın baş redaktoru (1995-2003) vəzifəsində çalışıb.
I Qarabağ müharibəsi veteranıdır. “Qüsursuz xidmətə görə” III dərəcəli medal, “Silahlı Qüvvələrin 10 illiyi”, “Silahlı Qüvvələrin 90 illiyi”,”Silahlı Qüvvələrin 95 illiyi”,”Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalları ilə təltif olunub.
Keçən əsrin 80 illərinin əvvəllərindən dövri mətbuatda bədii-publisistik və elmi-nəzəri yazılarla çıxış edir. “Həsən Məmmədov” (1990), “Döyüş havası”(1996), “Kino: yuxudan reallığa” (1998), “Kino və poeziya” (2000), “Tanış mövzuda variasiyalar” (2009), “Səhnədən o yana, yaxud sözün şəkli” (2012), “Kino terminlərinin izahlı lüğəti”(2015), “Kinomuzda Anar fenomeni” (2015), “Kinonun fəlsəfəsi” (2019), “Sevgimizdən usanmayaq” və ” Vaqif Mustafayev: baxın, gülün və düşünün” (2021), “5 zirvə” (2022) adlı kitabları işıq üzü görüb. Ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olur. Kinonun estetikası, başqa sənət sahələri, xüsusilə poeziya ilə əlaqələri, ekran təhkiyəsinin strukturu və s. mövzularda yazdığı “Kino haqqında iki paradoks”, “Söz… səs… təsvir”, “Nəsrin ekran imkanları”, “Qoy sözümü şeir desin…”, “Misra və kadr”, “Şeir obrazlarından ekran obrazlarına”, “Bir dəqiqədən əbədiyyətə qədər”, “Təsvirsiz kliplər”, “Poetik mətnlərin ekran interpretasiyası”, “Tutuşdu qəm oduna…”, “Tanış mövzuda variasiyalar” , “Ömür sonsuz bir yoldur”, “Mətnin gizlinləri” və s. məqalələr “Ulduz”, “Qobustan” jurnallarında, “Kino+” qəzetində və digər mətbuat orqanlarında çap olunub, oxucular və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. “Kino və poeziya” monoqrafiyasında Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparıb, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırıb, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut edib.Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Kino sahəsində ən yaxşı tədqiqat əsəri və tənqidi məqalə” müsabiqəsinin qalibi olub. “Qızıl qələm” mükafatı laureatıdır. Rumın mənşəli fransız dramaturqu E.İoneskonun “Borc qurbanları” pyesini, X.Kortasarın, A.Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə edib.
29 iyul 2016 ildə Azərb. kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərb. Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 31 iyul 2019 il tarixində “Tərəqqi” medalı ilə təltif edilmişdir. “Qızıl qələm” mükafatı lauretıdır.
Əd.: 1.”Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” (az.). President.az. 29 iyul 2016. İstifadə tarixi: 2016-07-29;
2.“Azərbaycan kinosahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” (az.). President.az;
3.V.Məhərrəmov. Sözün rəngbərəng şəkli // 525-ci qəzet, 01.02.2013
4.N.Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. Dörd cilddə. IV cild (1991-2018), Bakı, 2020, s.647