(1.7.1959, Göyçay ş.) – jurnalist-tədqiqatçı, sənətşünaslıq ü.f.d. (2007), AYB-nin (1995), AJB-nin üzvü (1987) və Azərb. Resp. Kinematoqrafçılar İttifaqının üzvü (2013), Əməkdar mədəniyyət işçisi (2016).
ADU-nun Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib (1985). Mülki və hərbi jurnalistika sahəsində fəaliyyət göstərib (1993–2007). “Bakı”, “Yeni fikir”, “Müstəqil qəzet”, “Ülfət” qəzetlərində, Dövlət Teleradio Verilişləri Şirkətində işləyib. “Azərbaycan ordusu” (1993-95) qəzetinin və “Hərbi Nəşriyyat”ın baş redaktoru (1995–2003) vəzifəsində çalışıb.
I Qarabağ müharibəsi veteranıdır. “Qüsursuz xidmətə görə” III dərəcəli medal, “Silahlı Qüvvələrin 90 illiyi”, “Silahlı Qüvvələrin 95 illiyi”, “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalları ilə təltif olunub.
Keçən əsrin 80 illərinin əvvəllərindən dövri mətbuatda bədii-publisistik və elmi-nəzəri yazılarla çıxış edib. “Həsən Məmmədov” (1990), “Döyüş havası”(1996), “Kino: yuxudan reallığa” (1998), “Kino və poeziya” (2000), “Tanış mövzuda variasiyalar” (2009), “Səhnədən o yana, yaxud sözün şəkli” (2012), “Kino terminlərinin izahlı lüğəti”(2015), “Kinomuzda Anar fenomeni” (2015), “Kinonun fəlsəfəsi” (2019), “Sevgimizdən usanmayaq” və “Vaqif Mustafayev: baxın, gülün və düşünün” (2021), “5 zirvə” (2022) adlı kitabları işıq üzü görüb. Ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olub. Kinonun estetikası, başqa sənət sahələri, xüsusilə poeziya ilə əlaqələri, ekran təhkiyəsinin strukturu və s. mövzularda yazdığı “Kino haqqında iki paradoks”, “Söz… səs… təsvir”, “Nəsrin ekran imkanları”, “Qoy sözümü şeir desin…”, “Misra və kadr”, “Şeir obrazlarından ekran obrazlarına”, “Bir dəqiqədən əbədiyyətə qədər”, “Təsvirsiz kliplər”, “Poetik mətnlərin ekran interpretasiyası”, “Tutuşdu qəm oduna…”, “Tanış mövzuda variasiyalar” , “Ömür sonsuz bir yoldur”, “Mətnin gizlinləri” və s. məqalələr “Ulduz”, “Qobustan” jurnallarında, “Kino+” qəzetində və digər mətbuat orqanlarında çap olunub. “Kino və poeziya” monoqrafiyasında Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparıb, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırıb, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut edib. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Kino sahəsində ən yaxşı tədqiqat əsəri və tənqidi məqalə” müsabiqəsinin qalibi olub. “Qızıl qələm” mükafatı laureatıdır. Rumın mənşəli fransız dramaturqu E.İoneskonun “Borc qurbanları” pyesini, X.Kortasarın, A.Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə edib.
29 iyul 2016 ildə Azərb. kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərb. Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 31 iyul 2019 il tarixində “Tərəqqi” medalı ilə təltif edilib. “Qızıl qələm” mükafatı (1994) laureatıdır.
Mənbə: “Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” (az.). President.az. 29 iyul 2016
“Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” (az.). President.az
V.Məhərrəmov. Sözün rəngbərəng şəkli // 525-ci qəzet, 1.2.2013
N.Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. Dörd cilddə. IV cild (1991–2018), Bakı, 2020, s. 647.