(21.6.1926, Göyçay r-nunun Qarabaqqal k. – 25.7.1995, Bakı ş.) – texnika e.d. (1961), prof. (1964).
1932-39 illərdə k. məktəbində təhsil alıb. 1939 ildə Göyçay Pedaqoji Texnikumuna daxil olub və oranı bitirdikdən sonra müharibə dövründə müəllimlik fəaliyyətinə başlayıb. 1945 ildə Azərb. Dövlət Universitetinin (indiki BDU) Fizika-riyaziyyat fakültəsinə qəbul olub və oranı 1950 ildə “riyaziyyat” ixtisası üzrə fərqlənmə ilə bitirib. 1950-53 illərdə akad. İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun aspiranturasında təhsil alıb. 1954 ildə alim B.N.Şelkaçevin rəhbərliyi altında “Qazlı mayelərin məsaməli mühitdə hərəkəti məsələlərin hidrodinamik tədqiqatları” mövzusunda namizədlik dissertasiya işini müdafiə edib. H.Hüseynov həmin ildə AzNQSDETLİ-də böyük elmi işçi kimi fəaliyyətə başlayıb. Onun təşəbbüsü ilə 50 illərin ortalarında resp.-da ilk dəfə bu institutda yeraltı hidrodinamika laboratoriyası yaradılıb.
H.Hüseynov 1961 ilin iyun ayında “Neft layının hidrodinamik məsələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika e.d. elmi dərəcəsini, 1964-cü ildə prof. elmi adını alıb. 1982 ildən öz alimlik və pedaqoji fəaliyyətini Azərb. Texniki Universiteti ilə bağlayıb və uzun müddət “Hidravlika və Hidravlik maşınlar” kafedrasına rəhbərlik edib. H.Hüseynov 3 monoqrafiya, 300-ə yaxın elmi məqalələrin müəllifi olub. “Neft Təsərrüfatı” jurnalının redaksiya heyətinin, müdafiə üzrə üç ixtisaslaşmış – Neft Akademiyası, AzNQSDETLİ və Texniki Universitetin Elmi Şuralarının üzvü və Elmlər Akademiyasının “Maye və qaz mexanikası” üzrə elmi metodik Şurasının üzvü olub. Universitetin “Elmi əsərlər tematik məcmuəsi”nin redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib.
Məlumat E.Fuaddan alınıb.