– fizika-riyaziyyat elmləri doktoru, professor. 1940-cı il iyunun 12-də Göyçay şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1964-1967-ci illərdə M.V.Lomonosov adına MDU-nun aspirantı, 1991-1994-cü illərdə isə həmin universitetin doktorantı olub. R.Hüseynov M.V.Lomonosov adına MDU-nun funksional analiz məktəbinin yetirməsidir. Onun elmi rəhbəri prof. Q.E.Şilov olub.
R.Hüseynov inteqral və ölçü nəzəriyyəsinə və xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinə aid bir sıra vacib elmi nəticələrin müəllifidir. O, Qauss ölçülü xətti fəzalarda təyin olunmuş funksionalların Furye tipli çevirməsiniə aid mühüm nəticələr əldə edib. Bu çevirmə Furye-Viner çevirməsi adlanır. Daha sonra müəllif Furye-Viner çevirməsini kvant fizikası məsələlərində ortaya çıxan variyasiya törəməli tənliklərin həllinə müvəffəqiyyətlə tətbiq edib. Alınmış bu nəticələr məşhur Moskva jurnallarında çap edilib. R.Hüseynov tərəfindən kvazielliptik tənliklər üçün sərhəd məsələləri sistematik olaraq dərindən öyrənilib. Bu tənliklər üçün sərhəd məsələlərinin sistematik tədqiq edilməsi C.Z.Lionsun və E.Majenesin məşhur monoqrafiyalarında tövsiyyə edilib. Bu məsələlərin sistematik öyrənilməsi üçün R.Hüseynov anizotropik Sobolev fəzalarında Hardi və Puankare tipli bərabərsizliklər haqqında bir sıra teoremlər isbat edib və onların vasitəsi ilə bu sahədə geniş siniflər üçün vacib nəticələr əldə edə bilib.
R.Hüseynovun elmi nəticələri Rusiyanın bir sıra aparıcı jurnallarında çap edilib. R.Hüseynov 1999-cu ildə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almış, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə professor elmi adına layiq görülmüş alim hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun riyazi-fizika şöbəsinin müdiri vəzifəsində çalışır. 2002-2005-ci illərdə Hocatepe Universitetində (Türkiyə), 2006-cı ildə Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
2019-cu il fevralın 21-də vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.11-12