(12.6.1940, Göyçay ş. – 21.2.2019, Bakı ş.) – riyaziyyatçı, riyaziyyat e.d. (1999), prof. (2009), AMEA-nın müxbir üzvü (2007).
ADU-nun Mexanika-riyaziyyat fakültəsini bitirib (1964). M.Lomonosov adına MDU-nun aspirantı (1964-67) və həmin universitetin doktorantı (1991-94) olub. Hüseynov H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb (1972-79), Ç.İldırım adına Politexnik İnstitutunun Gəncə filialında müəllim, dos., “Ali riyaziyyat” kafedrasının müdiri vəzifələrində işləyib (1979-90). Alim AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, “Funksional analiz” şöbəsinin müdiri işləyib (1990-2002). Hüseynov M.Lomonosov adına MDU-nun funksional analiz məktəbinin yetirməsidir. Onun elmi rəhbəri prof. Q.Şilov olub.
Hüseynov inteqral və ölçü nəzəriyyəsinə və xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinə aid bir sıra vacib elmi nəticələrin müəllifidir. O, Qauss ölçülü xətti fəzalarda təyin olunmuş funksionalların Furye tipli çevirməsinə aid mühüm nəticələr əldə edib. Bu çevirmə Furye-Viner çevirməsi adlanır. Daha sonra müəllif Furye-Viner çevirməsini Kvant fizikası məsələlərində ortaya çıxan variasiya törəməli tənliklərin həllinə müvəffəqiyyətlə tətbiq edib. Alınmış bu nəticələr məşhur Moskva jurnallarında çap edilib. R.Hüseynov tərəfindən kvazielliptik tənliklər üçün sərhəd məsələləri sistematik olaraq dərindən öyrənilib. Bu tənliklər üçün sərhəd məsələlərinin sistematik tədqiq edilməsi C.Lions, E.Majenesin məşhur monoqrafiyalarında tövsiyə edilib. Bu məsələlərin sistematik öyrənilməsi üçün Hüseynov anizotropik Sobolev fəzalarında Hardi və Puankare tipli bərabərsizliklər haqqında bir sıra teoremlər isbat edib və onların vasitəsilə bu sahədə geniş siniflər üçün vacib nəticələr əldə edə bilib. Hüseynovun elmi nəticələri Rusiyanın bir sıra aparıcı jurnallarında çap edilib. Onun tərəfindən alınmış nəticələr akademiklər Y.S.Samoylenko, Y.M.Berezanski və professorlar Kondratyev, Y.L.Daletski və S.B.Fominin monoqrafiyalarında öz əksini tapıb. Hüseynov 2002-05 illərdə Kocatepe Universitetində (Türkiyə), 2006 ildə Milli Aviasiya Akademiyasında prof. vəzifəsində işləyib. 2007-19 illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri işləyib.
Hüseynov 51 elmi işin müəllifidir. O, 2 elmlər doktoru və 1 fəlsəfə doktoru hazırlamışdır.
Əsərləri:
Гусейнов Р. В. “Об анизотропных неравенствах Харди.” Мат. сборник. – 1993. – т.184, № 6.- с.33-66
Huseynov R.V. “On the Number of Points of the Negative Spectrum for Quas-ielliptic Operators. “Russian Journal of Math. Physics.- vol.15.- N.3- 2008.- p.316-319.
Mənbə: http://frteb.science.gov.az/az/content/363