(25.2.1909, Göyçay ş. – 5.6.1983, Bakı ş.) – Əməkdar həkim.
Çox gənc yaşlarında əmək fəaliyyətinə başlayıb. 1923-31 illərdə resp.-nın r-nlarında komsomol işində işləyib. 1931 ildə Azərb. Tibb İnstitutuna daxil olub, 1936 ildə institutu bitirib. 1936-38 illərdə o, İsmayıllı r-n xəstəxanasının baş həkimi, səhiyyə şöbəsinin müdiri vəzifəsində işləyib. 1938 ilin oktyabr ayında Göyçay ş.-nə dəyişilib və burada əvvəlcə poliklinikada terapevt, sonra poliklinikanın şöbə müdiri, daha sonra isə 1939 ilin noyabr ayından 1942 ilin yanvar ayına qədər Göyçay r-n səhiyyə şöbəsinin müdiri vəzifəsində işləyib.
Ə.İsmayılov 1942 ilin yanvarında Azərb. SSR Xalq Səhiyyə Komissarlığında tibbi kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu vəzifədə iki il işlədikdən sonra o, 1944 ilin yanvar ayında Naxçıvan MSSR xalq səhiyyə komissarı vəzifəsinə təyin edilib və burada təqribən 10 il, 1953 ilin iyun ayının 30-na kimi nazir vəzifəsində işləyib. Ə.İsmayılov 1953 ilin iyul ayında Bakı ş.-nə dəyişilib və Semaşko adına xəstəxananın baş həkimi vəzifəsinə təyin edilib. O bu vəzifədə 13 il işlədikdən sonra 1966 ilin oktyabr ayında Azərb. səhiyyə nazirinin əmri ilə nazirliyin 4-cü idarəsinin Zuğulbada yerləşən istirahət evinə müdir təyin edilib. 1967 ildə bu istirahət evi pansionat adlandırılıb. O, bu vəzifədə 1970 ilin fevral ayının 4-nə kimi işləyib, 1970 ilin fevralında 5 №-li sanatoriyaya baş həkim təyin olunub. Ə.İsmayılov 1971 ilin oktyabr ayında 4-cü idarənin Mərdəkandakı 3 №-li xəstəxanasının baş həkiminin müavini vəzifəsinə dəyişilib və bu vəzifədə ömrünün axırına kimi işləyib.
Ə.İsmayılovun səmərəli fəaliyyəti dövlət tərəfindən dəfələrlə qiymətləndirilib. O, “Şərəf nişanı” ordeni (1945, 1960), “Qırmızı Əmək Bayrağı” ordeni (1949), “Qafqazın müdafiəsi” (1945), 2 dəfə “Almaniya üzərində qələbə” (1946, 1949) medalları ilə, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. Ona Azərb. SSR-in Əməkdar həkimi adı verilib.
Məlumat V.Abdullayevdən alınıb.