(5.7.1957, Göyçay ş.–3.12.2020, Bakı ş.) – tanınmış hüquqşünas, Azərb.-da ilk müstəqil hüquq mərkəzinin rəhbəri, vəkil, Azərb.Resp. Vəkillər Kollegiyasının üzvü.
ADU-nin (indiki BDU) Hüquq fakültəsini bitirib (1978). Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamışdır. Sumqayıt ş. prokurorluğunda baş müstəntiq (1978-83), daha sonra Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq (1983-91) kimi çalışmışdır. 1991 ilin sentyabrında öz xahişi ilə prokurorluq orqanlarından ayrılmış, fəaliyyətini vəkil olaraq davam etdirmişdir.
1995 ildə “ADİSAD” hüquq firmasını təsis etmişdir. A.İsmayılov fəaliyyəti dövründə bir sıra məşhur məhkəmə proseslərində iştirak etmiş, Milli Məclisin eks-spikeri İ.Qəmbərin, keçmiş daxili işlər naziri İ.Həmidovun, Azərb. keçmiş baş prokuroru, daha sonra Azərb.-nın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri olmuş E.Həsənovun, “Qara kəmər” əməliyyatında (2005) DİN generalı Z.Nəsirovun, 2006 ildə Macarıstanda azərbaycanlı hərbçi R.Səfərovun, 2015 ildə “MTN işi”ndə general S.Qurbanovun, araşdırmaçı-jurnalist X.İsmayılovanın hüquqlarını müdafiə etmişdir. A.İsmayılovun 2008 ildə çap etdirdiyi “Qanuni absurdlar” adlı kitabda Azərb.Resp.-nın Cinayət Məcəlləsindəki boşluqlar, bu Məcəllə ilə başqa Məcəllə arasındakı bəzi ziddiyyətli məqamlar müəllif tərəfindən özünəməxsus şəkildə şərh edilmişdir. A.İsmayılovun fəaliyyət göstərdiyi vəkil qurumu “Hümbətov və partnyorları” vəkil bürosu idi. A.İsmayılov həm də ictimai xadim kimi tanınır və mütəmadi olaraq dövrü mətbuatda məqalələrlə çıxış edirdi.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51