(1866, Göyçay qəz.-n Qaraməryəm k.-?) – din xadimi.
O, Göyçay, Şamaxı, İsmayıllı, Ucar, Qəbələ, Ağdaş, Zərdab r-larında axundluq edib. Kərbəlayi Mir Səməd Mir Qədir oğlu dövrünün açıq gözlü, savadlı, xeyirxah seyidlərindən, dərvişlərindən biri idi. İlk dini təhsilini atasından, sonralar isə İranın məhşur üləmalarından, ali dini təhsilini isə Xorasanın və Nəcəfül-Əşrəfin yüksək tipli mədrəsələrində almışdır. İslam tarixini, klassik ədəbiyyatı və muğamatı, həmçinin təbabət elminin mükəmməl bilicisi olmuşdur.
Nəvəsi R.Fazilovun dediyinə görə, babası Axund Mir Səməd Göyçay qəz.-da “təbabət alimi” kimi tanınmışdır. Bir çox xəstəliyi özünün hazırladığı məlhəmlə müalicə etmişdir. Bu gün Qaraməryəm k-ki, müqəddəs ocaq onun adı ilə adlanır. Bu ocaq – “Seyid Mir Səməd ocağı” əməli saleh babam Seyid Mir Səmədə olan hörmətdən irəli gəlir.
Dərviş Mir Səməd bütün məclislərdə İslamda dərvişliyin yerini və məqamını kamilliklə açıqlayar və belə şərh edərdi: “Dərvişlik Hz.Məhəmmədin (s.ə.s.) şəriətində olduğu kimi təbliğ olunmalı, müxtəlif təriqətlərdəki, bidətlərin şəriətdənkənar batil qaydaların insanları zəlalətə salmasına yol verilməməlidir. Çünki, dərvişlər Allaha məhz həqiqi irfan yolu ilə qovuşa bilərlər.”
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 90-91