İsveçin Umeo universitetinin elmi işçisi, dosenti, riyaziyyat elmləri doktoru, tərcüməçi, yazar Səadət Məmməd qızı Kərimi 1970-ci ilin 17 noyabr tarixində Göyçay şəhərində anadan olmuşdur.
Göyçay şəhərində 3 nömrəli rus orta məktəbini bitirdikdən sonra 1988-ci ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993-cü ildən təhsilinin aspiranturada davam etmiş və 1999-cü ilin 7 may tarixində Azərbaycan Milli Emlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə edərək, fizika və riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-1997-ci illərdə həmin İnstitutda kiçik elmi işçi, 1997-2000-ci illərdə isə qədər böyük elmi işçi vəzifəsində işləmişdir.1993-cü ildən 2000-ci ilə qədər “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul katibi və tərcüməçisi işləmişdir.
2000-ci ildə Azərbaycan əsilli soydaşla ailə quraraq İsveçə köçmüş, burada elmi fəaliyyətini davam etdirmişdir. 2005-ci ildə dissertasiya işini müdafiə edən Səadət Kərimi doktor elmi adını qazanmış və hazırda İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent olaraq fəaliyyət göstərir. Bir çox elmi əsərlərin müəllifidir. İsveçdə Stokholm, Umea və Göteburq Universitetlərində Dil və ədəbiyyat fakültələrində İsveç və İngilis dilləri üzrə filoloji təhsil almış və master dərəcəsinə yiyələnmişdir. O həmçinin Umea Universitetində Pedagogika, Sosiologiya və Huquq elmləri üzrə master dərəcəsini qazanməşdər.
Səadət Kərimi yaşadığı ölkədə həyat yoldaşı ilə bərabər Azərbaycanın milli maraqları uğrunda aktiv fəaliyyət aparır. Dəfələrlə müxtəlif konfranslarda Azərbaycanın milli, mədəni və siyasi problemlərinə aid məruzələrlə çıxış etmişdir. Həm Azərbaycan, həm də İsveç qəzetlərində Azərbaycan xalqının milli-mənəvi mövzularına aid məqalələri dərc olunmuşdur. Həyat yoldaşının yaratdığı “Araz” kültür dərnəyinin fəallarındandır.
İsveçdəki Azərbaycan Federasiyasının İdarə Heyətinin sədr müavinidir. AFİ nəzdində xalqımızın mənafeyinə və milli-mədəni irsimizin təbliğinə, həmçinin Azərbaycanın Avropa ilə inteqrasiyasına aid mövzularda konfrans və seminarların təşkilatçılarından və iştirakçılarındandır. Onlardan “Dağlıq Qarabağın işğalı” və “Xocalı Soyqırımı” mövzularında seminar ve piketləri, Cənubi Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Hərəkata aid seminar və konfransları, “21 Azər hərəkatı”, Cənubi Azərbaycanda Azərbaycan Türkçəsinin rəsmi dil və təhsil dili olmasına aid seminarları, İsveçdə ana dilimizin tədrisinə aid seminarları, Türk dünyasında və ayrıca Azərbaycan cəmiyyətində qadının roluna aid konfransları, Cavad Heyətin vəfatı münasibətilə onun yaradıcılığına və Cənubi Azərbaycanda Milli Oyanış hərakatındakı önəminə, Türk varlığının önə verilməsində olan roluna aid konfranslarda iştirakını xüsusi qeyd etmək olar. Osloda Nizami Gəncəvi adına Azərbaycan dili məktəbi və Yevlax rayon Nizami adına Malbinəsi tam orta məktəbi tərəfindən təşkil edilmiş «Mənim dilim -Ana dilim» layihəsi əsasında Zoom proqramı vasitəsilə 28 May Müstəqillik Günü ilə bağlı təşkil edilən xüsusi görüş və burada Səadət Kəriminin çıxışı da yaddaqalan hadisələrdən olmuşdur.
Səadət Kərimin Azərbaycan xalqının mənafeyi uğrunda çalışdığı ən böyük layihələrdən biri İsveç Parlamentində 2017-ci ilin 9 may tarixində Azərbaycanın tarixçi alimi İsmayıl Xaqaninin iştirakı ilə keçirilən “31 mart 1918 – Azərbaycanda Soyqırım Günü” konfransını isveç və ilgilis dilində birbaşa aparmasını hesab etmək olar.
2017-ci ildə “Azərbaycanın milli və siyasi ideologiyası haqqında” adlı kitabı nəşr olunmuşdur. 2018-ci ilin mart ayında İsveçdə “Hyresgäster” adlı yeni kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir. İsveçdə yaşayan görkəmli azərbaycanlı yazar Vahid Qazinin “Çöl Qala” romanını İsveç dilinə tərcümə etmişdir.
2018-ci ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük və təntənəli keçirilməsinə nail olmuçdur. Yubiley konfranslarının bir neçəsi may ayında Azərbaycandan gəlmiş tarixçilərin iştirakı ilə təşkil olunub. Həmin dövrdə tarixçi alimlər Ədalət Tahirzadə və Dilqəm Əhmədin AXC-nin 100 illiyinə həsr olunmuş kitabını isveç və ingilis dillərinə tərcümə etmişdir. “REPUBLIKEN AZERBAJDZJAN (1918-1920)-den första demokratiska staten i Muslimska Östadlı” həmin kitab 2018-ci ilin aprelində nəşr olunaraq İsveçdə və digər Avropa ölkələrində geniş yayımlanmışdır. Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyət ilə bağlı silsilə məqalələrin müəllifi olan Səadət Kəriminin yeni kitabı – onun müəllifliyi və tərcüməsi ilə hazırlanmış “Əsk-səda: Qarabağ-Təbriz və İrəvan şahidlərin hekayətlərində” (Efterdyningar: Ögonvittnen berättar om Karabach, Tabriz och Jerevan) antologiyası 2020-ci ildə şap olunmuşdur.
Mənbə: https://az.wikipedia.org/wiki/S%C9%99ad%C9%99t_K%C9%99rimi