(10.2.1959, Bakı ş.) – filologiya e.d., prof., ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim, AMEA Əlyazmalar İnstitutunun direktor müavini, Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiri, AYB-nin üzvü (1998), UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini.
Görkəmli şair Əli Kərimin oğlu, fizika-riyaziyyat e.d., Bilkənt Universitetinin professoru A.Kərimovun qardaşıdır. 1981 ildə ADU-nun (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib və 1982 ildən Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1991 ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik, 2012 ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2003 illərdə institutun elmi katibi işləmişdir. 2003-11 illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011 ilin 1 noyabrından AMEA Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edib. 2014 ildən direktor müavini. 2015 ildən həm də Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin müdiridir. AMEA Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış dissertasiya şurasının sədridir. Azərbaycan Tərcümə Mərkəzinin elmi şurasının, Nizami adına Milli Ədəbiyyat Muzeyinin elmi şurasının, Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının Filologiya Problemləri Üzrə Elmi Şurasının, Milli Təhsil Muzeyi qiymətləndirmə şurasının üzvüdür. “Azərbaycan”, “Multikulturalizm”, “Filologiya məsələləri”, “Əlyazmalar Yanmır”, Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnallarının redaksiya heyətinin üzvüdür.
Klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olur. İlk dəfə olaraq XVI–XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa abidələrimizi nəşrə hazırlayaraq çap etdirmişdir. Azərbaycan tarixində əhəmiyyətli rola malik bir çox əlyazmaların AMEA Əlyazmalar institutuna gətirilməsinə nail olub. 2016-17 tədris illindən AMEA Əlyazmalar İnstitutunun magistrantlarına “Yazılı abidələrin nəşri problemləri” mövzusunda mühazirələr deyir. Ankara, Daşkənd, Kabil, Məzari-Şərif, Herat, Aşqabad, Təbriz, İslamabad və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda, 2011 ildə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikan və Romada təşkil olunmuş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir. 2001 və 2009 illərdə Prezident təqaüdçüsü olmuş, 2010 ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2012 ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdür. Azərb.Resp. Prezidenti İ. Əliyevin 3 Noyabr 2015 il tarixli sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 2017 il mart ayının 1-də baş tutmuş İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində Kərimov bu təşkilatın “Elm və texnologiya” nominasiyası üzrə mükafatına layiq görülüb. Mükafatı alimə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif təqdim edib. Bunlardan əlavə, AYB-nin “Tofiq Bayram” adına mükafatı (2001), AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Fəxri Fərmanı” (2019), Serbiya Kral Akademiyasının təsis etdiyi “İvo Andriç” medalı (2019), AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Fəxri Fərmanı (2020) ilə təltif olunmuşdur.
Əlican Qövsi Təbrizi “Divanı”nın tekstoloji tədqiqi. Bakı, Nurlan, 2005; Qövsi Təbrizi “Divan” (elmi-tənqidi mətn). Bakı, Nurlan, 2006; XVII əsr Azərbaycan lirikası. Bakı, Nurlan, 2011; XVII əsr Azərbaycan poeziyası. Bakı, Nurlan, 2012; Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı. Bakı. Elm və təhsil, 2013 və digər monoqrafiyaları, onlarla klassik mətn topluları dərc olunmuşdur.
Mənbə: AMEA A.A. Məhəmməd Füzuli adına Əlyazmlar İnstitutunun rəsmi internet səhifəsi //https://www.manuscript.az/index.php?do=static&page=pasha-kerimov