(13.10.1971, Göyçay r-nunun Qarabaqqal k.–27.4.1994, Tərtər r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirəndən sonra 1989 ildə Azərb. Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakultəsinə daxil olub. Elə həmin ildə də hərbi xidmətə yola düşüb. Rusiya Federasiyasının Orenburq ş. hərbi xidmət keçib. 1992 ilin avqustunda, I Qarabağ müharibəsinin ən qızğın vaxtlarında Seymur cəbhə bölgəsinə yollanır. Əvvəlcə kəşfiyyat bölməsində xidmətə başlayır. Çaldıran, Dovşanlı, Vəngli və s. kəndlər uğrunda gedən qanlı döyüşlərdə yaxından iştirak edir, Umudlu, Aterk kəndlərinin və Sərsəng su hövzəsinin alınmasında böyük rəşadət göstərir.
Tərtər istiqamətində ayaqlarında soyuqdan yaranmış zədələnmələr səbəbindən bir müddət müalicə alan Seymur 1993 ilin martında yenidən cəbhəyə dönür. 1994 ilin aprelində Seymur kəşfiyyat dəstəsindən minomyotçu heyətinə daxil edilir. Elə ilk günlərdə qızğın döyüşlər zamanı heyət düşmənin bir tankını məhv edir, xeyli canlı qüvvəni sıradan çıxarır. Seymur Qırmızıkənd və Şotlanlı istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu və doğulduğu kənddə torpağa tapşırıldı.