(1866, Göyçay qəz. Qaraməryəm k. – ?) – din xadimi.
Göyçay, Şamaxı, İsmayıllı, Ucar, Qəbələ, Ağdaş, Zərdab r-nlarında axundluq edib. Kərbəlayi Mir Səməd dövrünün açıqgözlü, savadlı, xeyirxah seyidlərindən, dərvişlərindən biri idi. İlk dini təhsilini atasından, sonralar isə İranın məşhur üləmalarından, ali dini təhsilini isə Xorasanın və Nəcəfül-Əşrəfin yüksək tipli mədrəsələrində almışdır. İslam tarixinin, klassik ədəbiyyatın və muğamatın, həmçinin təbabət elminin mükəmməl bilicisi olmuşdur.
Nəvəsi R.Fazilovun dediyinə görə, babası Axund Mir Səməd Göyçay qəz.-da “təbabət alimi” kimi tanınmışdır. Bir çox xəstəliyi özünün hazırladığı məlhəmlə müalicə etmişdir. Bu gün Qaraməryəm k.-dəki müqəddəs ocaq onun adı ilə adlanır. Bu ocaq – “Seyid Mir Səməd ocağı” əməlisaleh Seyid Mir Səmədə olan hörmətdən irəli gəlir.
Dərviş Mir Səməd bütün məclislərdə islamda dərvişliyin yerini və məqamını kamilliklə açıqlayar və belə şərh edərdi: “Dərvişlik Hz. Məhəmmədin (s.ə.s.) şəriətində olduğu kimi təbliğ olunmalı, müxtəlif təriqətlərdəki bidətlərin, şəriətdənkənar batil qaydaların insanları zəlalətə salmasına yol verilməməlidir. Çünki dərvişlər Allaha məhz həqiqi irfan yolu ilə qovuşa bilərlər”.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 90-91.