Kərimov Kərim Məhəmməd oğlu (1886, Göyçay qəz. Qarabaqqal k. – 1956) – din xadimi.
Kərim Əfəndi Qarabaqqal k.-də öz vəsaiti hesabına məscid tikdirmişdir. O, uzun müddət r-n mərkəz məscidində, Qarabaqqal k.-ində imamlıq etmiş, həmin k.-dəki hücrələrdə insanlara dərs vermişdir. Sovet hakimiyyəti qurulduqdan sonra, yəni 1933 ildə həmin məscidi dağıtdılar. Bu gün həmin məsciddən əsər-əlamət yoxdur. Dini əqidəsinə görə Kərim Əfəndi 1935 ildə Qəbələ r-nunun Süleyli k.-nə sürgün olunmuşdur. 1938 ildə bəraət qazanmış və ailəsi ilə birlikdə Göyçay ş.-nə qayıtmışdır.
O, şəriət elminin bilicisi kimi tanınmış, peşəkarcasına dinə bağlı bir insan olmuşdur. Buna görə də 1944 ildə ona “əfəndi” adı verilmişdir. Hər bir müsəlman kimi onun da bir arzusu var idi. O, həccə getmək arzusunda olsa da, arzusu ürəyində qalmışdır. Hakimiyyətdə olan şəxslər tərəfindən icazə verilməmişdir. Bütün ömrü boyu əziyyət çəkməsinə baxmayaraq, sabaha böyük ümid bəsləmiş və ürəyində ədalətin gec-tez bərqərar olacağına inanmışdır. Bu belə də olmuş, onu tanıyanların, ona yaxın olanların xatirəsində xeyirxah bir insan kimi yaddaşlara həkk olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 89-90.