(4.4.1931, Göyçay r-nunun Potu k. – 22.7.2011, Bakı ş.) – teatrşünas, AYB-nin üzvü (1980), sənətşünaslıq e.d. (1988), prof. (1989), AMEA-nın müxbir üzvü (2001).
Azərb. Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsini bitirib (1953). Kərimov 1957 ildən taleyini AMEA-nın Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. Burada kiçik elmi işçi, baş elmi işçi olub. Alim-tədqiqatçı 1968 ildən ADMİU-da teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edib. Həmin universitetin prof.-u olub. “Sovet Azərbaycanının gənclər teatrı” adlı namizədlik dissertasiyasını 1963 ildə müdafiə edib.
“Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)” adlı doktorluq dissertasiyasını 1988 ildə Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. İnqilab Kərimov 120-yə yaxın elmi əsərin müəllifidir. Onlardan 20-si monoqrafiya və kitab şəklindədir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. “Abdulla Şaiq və teatr”, “Ağadadaş Qurbanov”, “Azərbaycan və gürcü səhnə ustalarının dostluğu”, “Xalq istedadları”, “Sovet Azərbaycanının gənclər teatrı”, “Azərbaycan Dövlət Dram Teatrı”, “Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı”, “Əbdürrəhim bəy Haqverdiyev və teatr”, “Gənclik və gözəllik teatrı”, “Sənət yolu, dostluq yolu”, “Nəriman Nərimanov və teatr”, “Azərbaycan teatrının təşəkkülü və inkişafı”, “Türkiyə və Azərbaycan teatr əlaqələri”, “Şuşa Ağdam teatrı”, “Azərbaycan teatrı 125” kitabları var. Görkəmli alim, yorulmaz tədqiqatçı İ.Kərimov Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı çoxlu elmi əsərlərin müəllifidir. Alim mətbuatda “İnqilab” imzası ilə çıxış edib.
Mənbə: https://science.gov.az