(10.10.1972, Göyçay ş. – 18.1.1993, Ağdərə r-nu) – Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb.
1989 ildə Göyçay r-n 3 saylı orta məktəbi bitirdikdən sonra Göyçay peşə məktəbinin sürücülük ixtisasına daxil olub. 1991 ilin yanvar ayında hərbi qulluğa çağırılıb. 1992 ilin dekabr ayınadək Nasosnıda yerləşən aviasiya hərbi hissəsində hərbi qulluqda olub. 1993 ilin yanvar ayında Şəmkir ş.-də yerləşən hərbi hissəyə göndərilib. 25 yanvar 1993 ildə Ağdərə r-nu Vəng k. ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Göyçay r-n məhkəməsinin 2009 il tarixli qətnaməsinə əsasən ona şəhid statusu verilib.
Göyçayın çoxmillətli mühitində formalaşmış Oleq Azərbaycanı doğma vətəni kimi sevib və müharibəyə də öz iradəsi ilə gedib. Anası Nina Nikolayevna, müharibə başlayanda oğlunu niyə Rusiyaya göndərməyib sualına belə cavab verib: oğluma bu haqda dedim, qətiyyətlə söylədi ki, Göyçay, Azərbaycan mənim vətənimdir və vətənimin dar günündə mən öz övlad borcumu yerinə yetirəcəm və sonrakı ömrümü də burada yaşayacağam. O, müharibəyə vətənini qorumaq üçün getdi və şəhid oldu. Bununla əbədiyyətə qovuşdu.
Məlumat ailəsindən alınıb.