Məscid k.-in mərkəzinə yaxın bir ərazidə yerləşir. Bu ərazi keçmişdən məscid məhləsi adlanır. Kürdəmiş k.-ində bir əsrdən çox yaşı olan məscid var idi. Kənd sakini T.Nəzərovun dediklərinə görə, k.-də yaşayan hərbiçi Əliyev Allahverdi Sadıq oğlu ağır döyüşlərdə olduğu zaman, sağ-salamat kəndimə qayıtsam, məscidi yenidən inşa etdirərəm demişdir. Döyüşdən qayıtdıqdan sonra kənd sakini T.Nəzərovla məsləhətləşərək yenidən məscidin tikintisinə başlamışdır. T.Nəzərovun dediklərinə görə, məscid sökülərkən mehrabının üzərində 1873 yazılmış kərpic var idi. Bu kərpic məscidin tikilmə tarixini göstərirdi. 1997 ildə köhnə məscidin yerində yeni məscidin inşasına başlandı. Bir il sonra 1998 ildə məscidin açılışı oldu. Məscid “Şəhidlər məscidi” adlanır. Məscidin həyətində şəhid Allahverdiyev Ruslan Ələsgər oğlunun əbədi xatirəsinə bulaq tikilmişdir.
Məscid binasının ümumi sahəsi 60 kv.m-dir. Məscidin inşasında yerli inşaat materiallarından istifadə olunub. Məscidin damı ağ dəmir örtüklə örtülüb, minarəsi damın üzərində 2 m hün.-dədir. İbadət zalı 10 m uzunluğunda, 6 m enindədir. Bu zalın işıqlı olması üçün 2 qiblə tərəfdə, 2 ş.-də və 2 q.-də olmaqla 6 pəncərəsi, zala daxil olmaq üçün 1 qapısı vardır. Qapı şm. tərəfdəndir. Binanın önündə 3 m enində, 4 m uzunluğunda məscid eyvanı vardır. Məscid çox sadə bir üslubda təmir olunub.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 55-56.