(28.2.1913, Göyçay ş.-19.12.1990, Bakı ş.) – görkəmli nasir, dramaturq, ssenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinn üzvü (1938), Azərbaycanın Xalq Yazıçısı (1987), Əməkdar incəsənət xadimi (1963).
Göyçayda ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye Texnikumunda təhsil alıb (1926-31), eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. Bakıda mexaniki zavodda energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində elmi-tədqiqat institutunda texnik-elektrik işləyib (1931-34). Sonradan fəaliyyətini ədəbi yaradıcılığa həsr edən Ənvər Məmmədxanlı Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-36), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-38), “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-42), ssenari redaksiya heyətinin baş redaktoru (1946-64) işləmiş, İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942 ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır. Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Ənvər Məmmədxanlı Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışmış, ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur.
Ədəbi fəaliyyətə 1930 illərdən başlayan Ənvər Məmmədxanlının yaradıcılığı lirik-psixoloji üslubu, romantizm və realizmin qovuşması ilə fərqlənmişdir. Onun“Bakı gecələri” povesti, “Əfsanəvi dağlar”, “Karvan dayandı”, “Qaralmış günəş”, “Afaq”, “Buz heykəl” kimi hekayələri, “Babək” romanı oxucuların böyük marağına səbəb olmuşdur. Yazıçının dram yaradıcılığı da uğurlu olmuş, “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli”, “Xürrəmilərin ağ şahini” kimi dram əsərləri respublika və ölkə teatrlarında tamaşaya qoyularaq müəllifinə geniş şöhrət gətirmişdir. “Fətəli xan”, “Leyli və Məcnun”, “Babək” kimi ssenariləri, “Leyli və Məcnun” kino-dastanı əsasında çəkilmiş filmlər böyük maraq doğurmuşdur. “Şirvan gözəli” Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957 ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Peşəkar səviyyədə tərcümə ilə məşğul olan Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olub. İki dəfə “Şərəf nişanı” (1946-1949), “Qırmızı Əmək bayrağı” (1980-1983) və “İkinci Dünya müharibəsi” ordenləri, döyüş medalları ilə təltif olunub.
Ənvər Məmmədxanlı 1990 il dekabrın 19-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Əd.: Gülxani Pənah, Salatın Əhmədli. Azərbaycan ədəbiyyatı məsələləri (müasir ədəbi mühitəümumi baxış). Bakı, «UniPrint», Bakı, 2014, 616 səh. s.151-154;
Nəsrimizin xan çinarı: Ənvər Məmmədxanlının 105 illik yubileyi münasibətilə… metodik vəsait / F. Köçərli ad.Respublika Uşaq Kitabxanası; tərt.ed.R.Məmmədli; ixt.red. və burax.məsul Ş.Qəmbərova; red. K.Ağazadə. – Bakı, F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2018. s.33.