(17.7.1954, Göyçay ş. – 5.11.2005, Bakı ş.) – RF-də Azərb. diasporunun fəal üzvlərindən və Azərb. hüquq-mühafizə orqanlarının tanınmış nümayəndələrindən biri, polis polkovniki.
İlk hərbi xidmətini keçdiyi Rusiyanın Ulyanovsk ş.-də milis məktəbini bitirəndən sonra milis orqanlarında fəaliyyətə başlayıb və kapitan rütbəsinədək yüksəlib. Həmin illərdə V.Məcidovun adı XX əsrin sonlarında Sovet rəhbərliyi tərəfindən həbs olunaraq Rusiyanın ucqar bölgələrinə aparılan və ən ağır maddələrlə cinayət işi açılan bir qrup soydaşımızın xilas olunması hadisəsi ilə daha çox şöhrət tapmışdı.
Aralarında o dövrdə Azərb.-da baş vermiş 20 Yanvar faciəsini böyük risk altında lentə köçürən Azərb. Xalq artisti, görkəmli kinorejissor Vasif Babayevin, telejurnalistlər Rafiq Savalanın, Azər Zamanlının, sovet hərbi gəmilərini mühasirəyə alaraq həlak olan həmvətənlərimizin cəsədlərinin dənizə atılmasının qarşısını almış, Bakı qırğınları haqqında dünyanı məlumatlandıran 20 nəfər gəmi kapitanının, Lənkəran ş.-dən 16 nəfər Milli Azadlıq Hərəkatı öncüllərinin də olduğu və Ulyanovsk təcridxanasında saxlanan 46 nəfərlik böyük bir qrupun ən müxtəlif vasitələrlə azad olunub xüsusi təyyarə ilə vətənə yola salınmasında V.Məcidovun və onun qardaşlarının böyük xidmətləri olub. Bu hadisədən sonra ona çoxsaylı təzyiq və təhdidlər olub. V.Məcidov 1992 ildə Bakıda məzuniyyətdə olarkən Azərb. Resp. DİN-ə etdiyi müraciət əsasında burada işlə təmin olunub. Azərb. polis orqanlarında fəaliyyəti dövründə o həm də Birinci Qarabağ savaşında iştirak edib. Sonralar polis orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb və bu sahədə yüksək peşəkarlıq göstərərək polkovnik rütbəsinədək yüksəlib. V.Məcidov 2005 ildə avtomobil qəzasında həlak olub.
Məlumat ailəsindən alınıb.