(20.4.1932, Göyçay ş. – 9.4.2000, Göyçay ş.) – kənd təsərrüfatı mütəxəssisi, Əməkdar zootexnik (1974).
1950 ildə orta məktəbi, 1953 ildə Şamaxı Kənd Təsərrüfatı Texnikumunun Zoobaytarlıq şöbəsini bitirib. 1953-54 illərdə Göyçay MTS-də zootexnik işləyib. 1954-56 illərdə hərbi xidmətdə olub. 1956-65 illərdə KT Müfəttişliyində, Dövlət Damazlıq Stansiyasında, Tədarük Stansiyasında ixtisası üzrə işləyib. 1960-65 illərdə Azərb. KT İnstitutunda qiyabi yolla təhsilini davam etdirərək alim-zootexnik ixtisası alıb.
1965 ildə Azərb. KP Göyçay r-n Komitəsinə təlimatçı vəzifəsinə irəli çəkilmiş, 1967 ilə kimi həmin vəzifədə işləyib. 1969 ildə o, Şirvan rayonlararası Damazlıq Stansiyasının direktoru vəzifəsinə, 1971 ildə isə Göyçay r-n KT İdarəsinin baş zootexniki vəzifəsinə təyin edilib. Heyvandarlığın intensivləşdirilməsi və cins keyfiyyətinin yaxşılaşdırılması sahəsindəki xidmətlərinə görə 1974 ildə Azərb. Ali Sovetinin qərarı ilə Əməkdar zootexnik fəxri adı alıb. Məlikov 1975 ildə Göyçay r-n KT İdarəsinin rəisi vəzifəsinə təyin edilib, 1982-89 illərdə Şirvan kolxozunun, 1989-91 illərdə Əli Kərim adına kolxozun idarə heyətinin sədri olub. 1991-98 illərdə Göyçay r-n Aqrar Sənaye Kombinatında böyük zootexnik vəzifəsində işləyib. Kənd təsərrüfatının inkişafında böyük xidmətlərinə görə “Əmək igidliyinə görə” medalı və “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.
Məlumat A. Məmməddən alınıb.