(4.7.1940, Göyçay ş. – 27.11.2002) – şair, dramaturq, Əməkdar mədəniyyət işçisi.
ADİİ-ni bitirib. Məmmədov hələ kiçik yaşlarında şeir yazmağa böyük həvəs göstərib. 15 yaşında yazdığı “Ana” şeiri festivalda 1-ci yerə layiq görülüb. Qələmə aldığı minə yaxın şeiri, 20-dən artıq pyesi, qəzəlləri, rübailəri, poemaları müxtəlif illərdə dövri mətbuatda dərc olunub. Onun 1970-80 illərdə Azərb. teatrının inkişafında önəmli rol oynayan “Sirli dəyirman”, “Dəli dünya”, “Meşədə döyüş”, “Ayrılıq”, “Taleyin cəzası”, “Anasının gül balası”, “Ac qulağım, dinc qulağım”, “Ayrılmırıq, vəssalam”, “Tələ quran özü düşər”, “Təlxəyin nağılı”, “Ən ağır cəza” və s. pyesləri teatrsevənlərin yaxşı xatirindədir. Həmin pyeslərin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar dünənimizi özündə əks etdirməklə bu günümüzdə də aktuallığını itirməyib.
Əsərlərində daima ikiüzlü, əhdinə, ilqarına dönük çıxanları, əqidəsizləri ifşa etməklə bərabər, insanın saf amalla yaşamasını ön plana çəkib. İctimai-fəlsəfi əsərlərində də insana xas olmayan lovğalıq, şöhrətpərəstlik tənqid atəşinə tutulub. Onun 1980 ildə tamaşa qoyulan “Sirli dəyirman” əsəri öz dövrü üçün unudulmaz iz buraxıb. Pyes Musiqili Dram Teatrında tamaşaya qoyulub və Moskva ş.-də qızıl medal ilə təltif olunub. Əsərləri Musiqili Komediya Teatrı, Kukla Teatrı və Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Feyruz Məmmədovun bir çox mahnıları Qızıl Fonda düşüb. “Körpə balam dil açır”, “Xəzərin sahilində”, “Səninlə olsam” və s. mahnıların sözlərinin müəllifidir. Eyni zamanda bir çox uşaq əsərləri və şeirlər – “Tənbəl”, “Sual-cavab”, “İynə deyil tikandır” və s. yazıb. 2004 ildə Məmmədovdan bəhs edən “Ürəyi işıqlı insan” kitabı çapdan çıxıb.
Mənbə: “Ürəyi işıqlı insan”.