(12.1.1937, Bakı ş.) – Əməkdar elm xadimi, geologiya-mineralogiya e.d. (1992), prof. (1993), AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2014).
P.Məmmədov 1959 ildə AZNKİ-ni (indiki ADNSU) mühəndis-geofizik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. P.Məmmədov əmək fəaliyyətinə 1959 ildə Azərb. Neftçıxarma üzrə Elmi-Tədqiqat İnstitutunda texnik.-operator vəzifəsindən başlayaraq 1965 ilə qədər ardıcıl olaraq böyük radiotexnik, mühəndis-geofizik, böyük mühəndis vəzifələrində işləyib. P.Məmmədov 1958-66 illərdə keçmiş ÜİET Geofizika İnstitutunun Azərb. filialında böyük mühəndis, elmi işci vəzifələrində işləmişdir. O, 1968 ildən ADNSU-nun Geofizik kəşfiyyat üsulları kafedrasında assistent, dos., prof., kafedra müdiri, elmi işlər üzrə prorektor, rektor işləyib, hazırda kafedra müdiri vəzifəsində çalışır.
P.Məmmədov beynəlxalq aləmdə tanınmış geofizik alimdir. O, geofizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektliyini tədqiq etmiş, keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki interpretasiyada səmərəsini əsaslandıran ilk tədqiqatçılardandır. 1980-90 illərdə neftli-qazlı çöküntüləri aşkarlamaq imkanı verən “Seysmostratiqrafiya“ üsulunun inkişafında və C-i Xəzərin dibinin, çöküntü qatının öyrənilməsində onun elmi nailiyyətləri istər keçmiş SSRİ məkanında, istərsə də ABŞ və Avropa geofizikləri tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq elmi layihələr üzrə (INTAS, CRDF, MEBE-Orta Şərq hövzələrinin evolyusiyası və DARIUS) elmi tədqiqatların rəhbəri və icraçısı olmuşdur.
P.Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, elmi-təşkilati və ictimai işlərlə də fəal məşğul olur, hazırda 4 elmi jurnalın redaksiya heyətlərinin üzvüdür. Amerika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF), ARDNŞ-nin Elm Fondunun eksperti, AMEA Yer Elmləri Bölməsinin akademik.-katibinin müavini, AMEA-nın Geologiya və Geofizika İnstitutu nəzdindəki dissertasiya şurasının sədr müavini, ADNA-da Magistr İxtisaslaşmış Şurasının sədridir.
P.Məmmədov Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG) (1993), Amerika Neftçi-Geoloqlar Assosiasiyasının (AAPG) (1992) və Avropa Geoelmləri Mühəndisləri Assosiasiyasının (EAGE) (1994) üzvü, eləcə də Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müxbir üzvü (1996), Beynəlxalq EA-nın (İnsbruk, Avstriya) həqiqi üzvüdür (2016).
P.Məmmədov 240-dan artıq elmi əsərin müəllifidir. Onun əsərlərinə xarici jurnallarda istinad olunur. P.Məmmədovun rəhbərliyi ilə 3 e.d. və 10 f.d. hazırlanıb.
P.Məmmədov səmərəli elmi-pedaqoji fəaliyyətinə görə AR Təhsil Nazirliyinin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunub. 2005 ildə Avrasiya Geofizika Assosiasiyasının qərarı ilə geofizika elminin inkişafında nailiyyətlərinə görə onun adı “Rusiyanın görkəmli geofizikləri” ensiklopediyasına salınıb. 2010 ildə “Görkəmli geofizik S.Q.Komarov” adına medalla təltif olunan ilk azərbaycanlı alimdir.
Məlumat ailəsindən alınıb.