
(31.12.1878, Göyçay qəz. Kürdəmir k. – 20.12.1937, Bakı ş.) – AXC Parlamentinin üzvü.
Qori Müəllimlər Seminariyasını bitirmiş, Bakıda I-ci rus-müsəlman məktəbində müəllim (1899 – 1907) və müdir (1910-20), daşınmaz şəhər mülkiyyətini qiymətləndirən komissiyada məmur (1908-10) işləyib.
1907 ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilmişdir. Dumada müsəlman fraksiyasının, 9-cu şöbənin və dörd komissiyanın üzvü olmuşdur. Hərbi-səhra məhkəmələrinin ləğvinə tərəfdar çıxmış, Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədovla birlikdə hərbi nazirə müraciət edərək Qafqaz hərbi-səhra Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunanların cəzasını yüngülləşdirmək barədə vəsatət qaldırmışdır. Mahmudov işsizlərə yardım komissiyasının üzvü kimi “Proqress” qəzeti vasitəsilə işsizlər və onlara lazımi yardımın həcmi barədə məlumat göndərilməsi üçün oxuculara müraciət etmişdi. Dumanın xalq təhsili komissiyasının üzvü M.Mahmudov Maarif nazirini müsəlman əhalisinin təhsilinin vəziyyətinə göz yummaqda təqsirləndirmiş, müsəlman müəllimlərinə qarşı ayrı-seçkiliyin mövcud olduğunu və onların “kastalara” bölündüyünü tənqid etmişdi. 1917 ildə Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra isə Azərb. Milli Şurasının üzvü, Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una (1918,19 noyabr) əsasən, AXC-i Parlamentinin deputatı seçilmişdir. “Müsavat” fraksiyasının, Parlamentin Aqrar komissiyasının üzvü olmuşdur.
Aprel işğalından (1920) sonra təqiblərə məruz qalmış, millətçilikdə, “əks-inqilabi fəaliyyətdə” ittiham edilmişdir.
Bakıdakı 132 saylı məktəbdə dərs demişdir. 1924 və 1929 illərdə işdən çıxarılması barədə məsələ qaldırılmış, 1937 ilin noyabrında həbs olunaraq güllələnmişdir.
Mənbə: Seyidzadə D., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, Bakı, 2004;
Elşad Qoca, Sibir Dərsi, Bakı, 2000;
За семью печатями” (сборник документов), Баку, “Şərq-Qərb”, 1992;
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider nəşriyyat”, 2005, s. 175.