(24.12.1902, Göyçay ş. – 7.5.1971, Bakı ş.) – ictimai xadim, Azərbaycanın fəlsəfə üzrə ilk professoru.
1922-ci il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub.
1925-28 illərdə Moskva şəhərində “Qırmızı Professorlar İnstitutu”da fəlsəfə təhsili alıb.
Professor elmi dərəcəsini aldıqdan sonra Bakıya qayıdaraq bir sıra ali təhsil müəssisələrində dərs deyib. Nuxa (indiki Şəki), Zaqatala və Sabirabad rayon komitələrinin katibi vəzifələrində çalışıb, kənd yerlərində quldurluğa qarşı mübarizədə iştirak edib. 1930-cu illərin əvvəllərindən pedaqoji fəaliyyətini davam etdirib, bir neçə il sonra isə Azərbaycan Həmkarlar İttifaqları Şurasında rəhbər vəzifələrə qədər yüksəlib.
1938-ci ilin aprelində həbs olunaraq antisovet fəaliyyətində, pantürkizmdə və terrorizmdə ittiham edilib. Güllələnmə cəzasından xilas edilərək yazışma hüququ olmadan 10 il müddətinə azadlıqdan məhrum olunub. Cəzasını Solikamsk yaxınlığındakı düşərgədə çəkib. 1946-cı ildə Komi-Permyak Muxtar Vilayətinə, 1950-ci ildə Türkmənistana köçürülüb, 1952-ci ildə yenidən həbs edilərək Krasnoyarsk diyarına sürgün olunub.
1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətinə bərpa edilib.
1962-ci ildən Azərittifaq və Azərkulttorq strukturlarında çalışıb. 1967-ci ildə ittifaq əhəmiyyətli fərdi təqaüdə çıxsa da, əmək fəaliyyətini davam etdirib, ictimai nəşrlərdə məqalələrlə çıxış edib və ictimai tədbirlərin fəal iştirakçısı olub.
Mənbə: https://azerbaijan-news.az/az/posts/detail/sinmayan-omrun-aci-hekayesi-1775082519/386213

