(16.12.1932, Göyçay r-nunun Alpoud k. – 8.5.2010, Göyçay ş.) – texnika ü.f.d. (1986).
1950 ildə orta məktəbi bitirib, həmin ildə də Gəncə Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) Mexanika fakültəsinə daxil olub. 1955 ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Göyçay r-nunda R-n Texnika Birliyində növbətçi mexanik kimi ilk əmək fəaliyyətinə başlayıb (1955). 1956 ildə Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunda (indiki Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci) əvvəlcə dərs hissə müdiri, sonra isə direktor vəzifəsində işləyib.
1961 ildə Göyçay və İsmayıllı r-nlarını birləşdirən İstehsalat idarəsinin rəhbəri, 1964 ildə Göyçay r-nunun R-n Texnika Birliyinə rəis təyin edilir. 1970 ildə r-nun “Səməd Vurğun” adına kolxozuna (r-nun Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli, Şəhadət, Qarabağlar k.-ni əhatə edir) sədr seçilib. Əmək fəaliyyətinə görə SSRİ-nin ali dövlət mükafatları – “Qırmızı Əmək Bayrağı” (1975), “Oktyabr İnqilabı” ordenləri (1986) ilə təltif olunub. 1976 ildə yenidən R-n Texnika Birliyinə direktor təyin edilib. 1981 ildə isə təkrarən “Səməd Vurğun” adına kolxoza sədr təyin edilib.
Mikayılov əmək fəaliyyəti ilə yanaşı, elmi işlə də məşğul idi. O, elmi-tədqiqatlarını Kənd Təsərrüfatı İnstitutu və Özbəkistanda aparırdı. 1986 ildə Moskvada elmi işini müdafiə edərək texnika ü.f.d. alimlik dərəcəsi alıb.
1990 ildə r-nun çörək zavoduna direktor təyin edilir, 1996-98 illərdə yenidən R-n Texnika Birliyində direktor vəzifəsində çalışıb. 1999–2005 illərdə Göyçay ş. Bələdiyyəsinin sədri olub.
Məlumat N.Mikailovdan alınıb.