Mırtı k-i Göyçaylılar tərəfindən Şeyxlər k-i kimi tanınır. Vaxtilə bu k-də çox böyük kəramət sahibi olan şeyxlər yaşamışdır. Onların əsli Ərəbistandan gəlmədir. Bu şeyxlərin ilk bura gələninin Durna tutan baba olduğunu deyirlər. Durna tutan babanın əsl adı Sarvan baba olmuşdur. Bu ləqəbin ona verilməsi onun göstərdiyi kəramətinə bağlıdır. Bir gün baba namaz qılarkən yanında olan körpələrdən biri havada uçan durnalara baxıb ağlamış, o quşlardan birini istəmişdir. Baba da uşağı sakitləşdirmək üçün o durnalardan birini kəramət olaraq uşağa tutub vermişdir. Bundan sonra baba Durna tutan ləqəbini almışdır.
Durna tutan babanın övladlarından da tanınmış şeyxlər olmuşdur. Övladlarından Piri baba, Cəbi baba, Cabbar baba, Şərif baba, Sədrəddin baba, Nəbi Şıx. Bunların arasında Şərif babanın, Cəbi babanın qəbrləri bu gün insanların inam yerlərindən birinə çevrilmişdir. Bu şeyxlər insanların yaddaşında fəqir-füqəraya baxan, yetim-yesirə yardım edən və insanların imdadına çatan insanlar olaraq həkk olunmuşdur.
Durna tutan baba ilə Şamaxıda yaşayan böyük övliya sayılan, Şıxeyib baba kimi tanınan Şeyx Eyyub baba arasında belə bir kəramət olmuşdur. O vaxtlar Şamaxıdan Kazan şəh-nə bir karvan yolçuluq edirdi. Bu yolçuluq 6 ay davam edirdi. Şamaxılı Şıxeyib baba Göyçayın Mırtı k-ində yaşayan Durna tutan babanın adını eşitmişdir. Şıxeyib baba karvan yola çıxanda kəramət olaraq pambığın arasına köz qoymuş, karvanbaşına tapşırmış ki, bunu Göyçaydan keçərkən Mırtılı Durna tutan babaya çatdırsın və qayıdarkən cavabını alıb gətirsin. Karvanbaşı bu bağlamanı Durna tutan babaya verir və 6 aydan sonra qayıdacaqlarını bildirir. 6 aydan sonra karvan qayıtdığı ataman qış fəsli idi. Karvan Göyçaydan qayıdarkən Durna tutan babanın cavabını gözləyirlər. Durna tutan baba onları götürüb bir tut ağacının altına aparır. Burada belə bir kəramət baş verir. Durna tutan baba ağacı silkələyir və ağacdan qarın üstünə təzə tutlar tökülməyə başlayır. Karvanbaşı və yanındakılar tutdan doyunca yeyir və yığıb Şıxeyib babaya aparırlar.
Durna tutan baba və onun övladlarının çox böyük kəramətləri görülmüşdür. Babanın övladlarından olan Sədrəddin babanın iyun-iyul aylarında çarıqlarında qar olarmış. Sədrəddin baba Allahın izni ilə darda olanlara yardım edər və yuxuda görərmiş ki, bir nəfər dardadır, Sədrəddin baba həmin an onun köməyinə çatarmış. Bir dəfəsində də gecə yuxusunda bir nəfərin darda olduğunu görür. Sədrəddin baba oğlunu da götürüb onun köməyinə gedir. Baba və oğlu getdikləri yolun üzərində olan körpüsüz çayı elə keçirlər ki, heç birinin üstü islanmır. Digər bir kəramətlərindən biri də baba atla cümə namazına gedərkən bir nəfər ona baxıb gülür və babaya lağ edir. Babaya güldükdən sonra həmin adamın bütün bədəni qıc olur. Baba cümə namazından qayıdarkən camaat babaya deyirki, bu adam sənə güldüyü üçün bu vəziyyətə düşüb. Camaat babadan diləyir ki, onu bağışla. Baba həmin adamın yanına gəlir və deyir: Allahın izni ilə qalx, həmin adam yerindən qalxır və əvvəlki vəziyyətinə qayıdır. Bu gün həmin ocağa gələn insanlar ağzı əyilənlər, əlil olanlar və ağlını itirmişlərdi.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 100-102