(18.11.1910, Göyçay ş. – 28.6.1988, Ankara, Türkiyə) – həkim, tibb e.d. (1944), Azərb. mühacir hərəkatının fəal üzvlərindən biri.
İbtidai və orta təhsilini Göyçayda, ali təhsilini isə Bakıda Tibb fakültəsində alıb (1934). Daha sonra Zaqatala Dövlət Xəstəxanasına baş həkim olaraq təyin edilib. 1941 ildə A.Mirzəli müharibə bölgəsinə göndərilib. Müxtəlif cəbhələrdə vuruşduqdan sonra almanlara əsir düşüb. Müharibədən sonra bir müddət Almaniyada qalıb, Swicku Dr. Keller klinikasında çalışıb. Ağamirzə bəy Almaniyada yaşadığı dövrdə “İleus fəaliyyətləri zamanı appendisit” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1948 ildə Türkiyənin müharibə əsirlərini qəbul etməsindən sonra bu ölkəyə yola düşüb. Burada yenidən ixtisası üzrə çalışan A.Mirzəli 1949-51 illərdə Eskişehir Dövlət Xəstəxanasına əməliyyatçı həkim, 1951-76 illərdə Kahramanmaraş, Uşak və Elbistan Dövlət Xəstəxanalarında, Ankara–Etimesqut Nümunə Sağlıq Mərkəzində və Keskin Dövlət Xəstəxanasında baş həkim olaraq fəaliyyət göstərib. 1976 ildə Səhiyyə və Sosial Müavinət Nazirliyində mətbuat şöbəsinin müdiri ikən təqaüdə çıxıb. Ankara Təbiblər Birliyi Ağamirzə bəyə “Məsləkdə 45 il”, Ankara Təbiblər Odası və Türk Təbiblər Birliyi isə “Məsləkdə 50 il” mükafatı veriblər.
Ağamirzə Mirzəlinin tibb elmi ilə bağlı müxtəlif məqalələri elmi dərgilərdə nəşr edilib. Səhiyyə Nazirliyi 1974 ildə onun “Xərçəng ola bilərmi?” adlı kitabçasını yayınlayıb. Azərb. Kültür Dərnəyinin rəsmi orqanı olan “Azərbaycan” jurnalında isə onun tarix, ədəbiyyat və musiqi ilə bağlı yazıları işıq üzü görüb. Onun nəşr olunmayan “Azərbaycan tarixi və onun türk dünyasındakı yeri” adlı əsəri də olub. O, Əfrasiyab Bədəlbəylinin “Azərbaycan musiqi terminləri” məqaləsini Türkiyə oxucuları üçün uyğunlaşdıraraq “Azərbaycan” jurnalında çap edib.
Ağamirzə Mirzəli Azərb. Kültür Dərnəyinin İdarə Heyətində, intizam şurasında və danışma məclisində təmsil olunub. Dərnəyin sədrlərindən Feyzi Aküzüm A.Mirzəli ilə bağlı yazdığı məqaləsində onun həyatı ilə bağlı maraqlı məlumat verib: “Dr. A.Mirzəli bəy yaxşı bir cərrah olmaqla yanaşı, xərçəng xəstəliyi üzrə də yaxşı bir mütəxəssis idi. Bu mövzuda bir çox çalışmaları, tədqiqatları, məqalə və broşürləri var. Rusca, almanca və qismən də fars dilində bilirdi”. 1975 ilin avqustunda Moskvada keçirilən Dünya Cərrahlar Qurultayına Türkiyədən gedən heyətdə A.Mirzəli də yer almışdı. Ağamirzə bəy 1988 ildə vəfat edib və Ankarada Karşıyaka məzarlığında dəfn edilib.
Mənbə: www.teleqraf.com