Müskürlü k. məscidi kənd camaatının topladığı vəsait hesabına tikilmişdir. Kənd sakini 78 yaşlı İ.Qarayevin bildirdiyinə görə, 1998 ildə əmlak payı paylandıqdan sonra hər kəsdən məscidin tikintisi üçün daş, taxta, dəmir və s. materiallar toplanmış və həmin il məscidin təməli atılmışdır. Məscidin divarı çəkildi, maddi imkanın azlığından bir müddət tikinti dayandırıldı. 2000 ildə kəndə iki nəfər imkanlı şəxs gəldi. Onlar bu tikintini öz vəsaitləri hesabına yenidən başlatdılar. Nəhayət, məscidin inşası tamamlandı.
Binanın ümumi sahəsi 9 m enində, 10 m uzunluğundadır. İbadət zalı 5 m enində, 10 m uzunluğundadır. Bu zalın 2 qiblə tərəfdə, 2 ş.-də, 1 ön divarda olmaqa 5 pəncərəsi və 1 qapısı vardır. Qapı şm.-dandır. Giriş qapısı önündə 4 m enində arkalı sütunlarla bağlanmış məscid boyu uzanan eyvan vardır. Məscidin təqribən 9 m hün.-də minarəsi vardır. Binanın üstü ağ dəmirlə örtülmüşdür.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 69-70.