Bu kənd r-n mərkəzindən 17 km c.-q.-də, Göyçay-Ucar şose yolu kənarında yerləşir. Tarixi baxımdan Müskürlü və Qəbələ Müskürlü kəndlərinin adları çox böyük maraq doğuran adlardandır. Belə ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının şm.-ş. hissəsində maskutlar yaşayıblar. Hansı ki, eramızın I əsrindən burada onların knyazlıqları olub. Moisey Kalankatuyun “Alban tarixi” kitabında maskutların yerləşdiyi ərazi “Maskutların ölkəsi” adlandırılmışdır. Belə güman edilir ki, maskut, maskat etnonimi Müskür toponimində qorunub saxlanılmışdır. Bu ad haqqında ilk məlumat XIII əsrdə verilmişdir.
Məscidi Mustafa babanın oğlu İslam baba tikdirib. Məscidin inşasında çiy kərpicdən istifadə olunmuşdur. Məscidin 2 dəfə dam örtüyü və döşəməsi yenilənmişdir. 1979 ildə Mustafa babanın nəslindən olan Yusif müəllim bu binanın dam örtüyünü təzələtmişdir. Camaat arasında məscid kimi olsa da, bu bina hücrə formasında kiçik ölçüdə tikilmişdir.
Binanın ümumi sahəsi 45-50 kv.m-dir. İbadət etmək üçün olan otağın eni 3,70 m, uzunluğu 6,80 m-dir. Buranın 1 ş.-də, 1 q.-də olmaqla 2 pəncərəsi və 1 giriş qapısı vardır. Qapı şm. hissədədir. Binanın şm. və ş. hissəsində 1,60 m enində məscid eni boyu uzanan eyvan vardır. Bu məsciddə bu gün ibadət edilməsə də məscid müqəddəs məkan kimi qorunub saxlanılır. İbadət etmək üçün camaat yeni məsciddə toplanır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 50-51