Nəcəfov Ətraf Alməmməd oğlu (10.7.1956, Göyçay r-nunun Çərəkə k.) – şair-publisist, AYB-nin üzvü (1996).
1973 ildə Göyçay r-nunun Çərəkə k. orta məktəbini bitirib. 1973 ildə Bakı soyuducu zavodunda fəhlə işləyib. 1974 ildə Ucar 122 saylı Texniki Peşə Məktəbində traktorçu peşəsi üzrə təhsil alıb. 1975-77 illərdə hərbi xidmətdə olub. O, 1978-83 illərdə M.F.Axundov adına Azərb. Pedaqoji Dillər İnstitutunun (indiki Bakı Slavyan Universiteti) qiyabi şöbəsində təhsil alaraq rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. 1978-2004 illərdə Göyçay r-nunun Çərəkə k. orta məktəbində ibtidai hərbi hazırlıq rəhbəri, rus dili müəllimi və direktorun təlim-tərbiyə işi üzrə müavini vəzifəsində işləyib. 2004 ildə xidməti pensiyaya çıxıb.
Ə.Sərraf yaradıcılığa 1970 illərdə başlayıb, ilk şeirləri “Yeni həyat”, “Yeni söz”, “Qalibiyyət” və s. qəzetlərdə çap olunub. 1980 illərin sonundan indiyə kimi şeirləri müntəzəm olaraq “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat”) və s. qəzetlərdə çap olunur. 14 şeir kitabının müəllifidir. İlk şeirlər kitabı – “Ömür bir ünvandır” 1995 ildə işıq üzü görüb. “Mənim yaddaşımın ağrıları var” (1999), “Mən anamın sevinciyəm” (2001), “Əmimin nağılları” (2001), ”Ayrılığın o üzü” (2011), “Bu yol ömür yoludur” (2013), “Yerinə utandığım adamlar” (2014), “Şeirlər haqqında şeirlər” (2015) “Durum görüm kimdi döyən qapımı” (2015), “Yara var qan saxlamaz” (2016), “Çətinli-asanlı yola çıxmışam” (2016), “Güllü nənənin Gül nəvəsi” (2019), ”Ömür bir fəsilmiş” (2021), “Buludsuz səmadan yağan yağışlar” (İran, Təbriz 2021) kitabları oxucular və ədəbi tənqid tərəfindən maraqla qarşılanıb. O, 2015 ildə Prezident mükafatına, 2017 ildə isə R.Rza adına Beynəlxalq mükafata layiq görülüb.
Məlumat A.Məmməddən alınıb.