(21.7.1954, Göyçay r–nunun Alpout k.–16.1.2020, Bakı ş.) – publisist, pedaqoq, pedaqoji elmlər namizədi (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Azərb. Dövlət Pedaqoji İnstitutunun (indiki Azərb. Dövlət Pedaqoji Universiteti) filologiya fakultəsini (1973) və Azərb. Resp. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (1986) bitirib. Əmək fəaliyyətinə Göyçay r-nunun Alpout k.-də müəllim kimi başlamış (1973-80), Göyçay Rayon komsomol komitəsinin birinci katibi, respublika LKGİ Mərkəzi komitəsinin üzvü olmuşdur. Daha sonra “Respublika” qəzetinin bölgə müxbiri (1996-2009), “Respublika” qəzeti baş redaktorunun birinci müavini vəzifələrində çalışıb.
2002–14 illərdə İ.Pənahovun 10–a qədər müxtəlif səpkili kitabları işıq üzü görüb. Bundan başqa, o, 50–dən artıq elmi və onlarla publisistik məqalənin müəllifidir. İ.Pənahov “Həsən bəy Zərdabi” və “Qızıl qələm” mükafatlarına layiq görülüb.