Göyçay r-nunun Bığır k.-də müqəddəs inanc yeri kimi tanınan tarixi qocaman palıd ağacı. Bu palıd ağacının 500 ildən çox yaşı vardır. Ağacın hündürlüyü 20 metr, diametri 180 santimetrdir. 1968 ildən üzərinə lövhə vurulan bu ağac tarixi abidə kimi qorunub saxlanılır. Pir palıd haqqında bir çox rəvayətlər vardır ki, onlardan biri belədir:
“Deyilənə görə, Allahın böyük övliyası Şeyx Ami həzrətləri gəlib burada məskən salır. Burada o, bir qıza aşiq olur. Qız da ona vurulur. Onların məhəbbətləri ilahi məhəbbət olduğu üçün Şeyx də, qız da od tutub yanırlar. Bu pir palıdın yerində onları bir məzara qoyurlar. Həmin vaxtdan bura müqəddəs ziyarətgaha çevrilir. Sonralar bir quşun dimdiyindən bir palıd qozası düşüb burada bitir. Elə o zamandan bu palıda “Pir palıd” deyirlər”.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu”, 2014, s.114.