
(8.12.1946, Göyçay ş.-21.2.1988, Bakı ş.) – Azərb.-da balet sənətinin tanınmış simalarından biri, Azərb. SSR-nin Xalq artisti (1978).
Bakı Xoreoqrafiya məktəbini bitirib (1966). 1965-78 illərdə Azərb. Opera və Balet Teatrının solisti olub. Onun ifası üçün plastiklik, güclü musiqi duyumu, virtuozluq səciyyəvi idi. Pletnyov “Nəsimi”, “Spartak”, “Qız qalası”, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Sonalar gölü”, “Yatmış gözəl” və s. baletlərdə əsas partiyaları ifa edib. Fransada, İtaliyada, İsveçdə, Danimarkada, Norveçdə, Hindistanda, Birmada, Nigeriyada, Seneqalda, Nepalda və s. ölkələrdə dəfələrlə çıxış edib.
Pletnyov 1973 ildən Bakı Xoreoqrafiya məktəbində dərs deyib. F.Əmirovun “Nəsimi dastanı” baletinin tamaşasındakı Nəsiminin partiyasına görə 1974 ildə Azərb. Dövlət mükafatı laureatı adını qazanıb. 1975 ildə isə “Əfsanələr aləmində” film-baletinə çəkilib.
Azərbaycan balet sənətinin inkişafındakı xidmətlərinə görə Pletnyov 1970 ildə Azərb. Resp.-nın Əməkdar artisti, 1978 ildə Xalq artisti adlarına layiq görülüb. 1978 ildə Opera və Balet Teatrına məşqçi-pedaqoq təyin olunan Pletnyov bir sıra gəncləri hazırlayaraq repertuardakı tamaşalara daxil edib.
Pletnyov II Fəxri xiyabanda dəfn olunub.
Əd.: 1. Балет: энциклопедия. / Гл. ред. Ю. Н. Григорович. Москва, “Советская энциклопедия”, 1981.
2. V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51