
Məscid Göyçay-Ucar magistraldan k.-ə girən yolun 100 m-liyində yolun sağında yerləşir. Bu məscidin yaşı dəqiq məlum olmasa da, onun yaşının 150 çox olduğunu deyirlər. Alim Ə.Əlioğlunun “Göyçay-nəyi bilirik?” əlyazması hüququnda olan əsərində isə bu k-də ilk məscidin 1960 ildə tikildiyi qeyd edilir. Məscidi Sədrəddin Əfəndi tikdirmişdir. Daha sonra Seyid Rza Axund və Məşədi Hacı Axund məscid tikdirmişdir. Amma hal-hazırda olan bu məscidin bu iki məsciddən hansı olduğunu tam müəyyən edə bilmədik. Kənd sakini 65 yaşlı Ə.Hacıyevin eşidib-bildiklərinə görə, isə bu məscidin 186 yaşı vardır. Məscid tikildiyi vaxtdan ta 1983-84 illərə qədər bir otaq üstü kirəmit örtüklü olmuşdur. Məsciddən 1930-50 ilə qədər məktəb, 1950-54 ilə qədər bağça kimi istifadə olunmuşdur. Kənd ağsaqqalı Əsəd kişinin dediklərinə görə, 1954 ildə atam həbsdən qayıtdıqdan sonra məscidin geri qaytarılması üçün xeyli mübarizə aparmış və buna nail olmuşdur. Məscid geri qaytarıldıqdan sonra təmizlədilmiş və o gündən bu günə kimi məscid kimi fəaliyyət göstərir.
1984 ildə məscid əsaslı şəkildə təmir olunmuşdur. Məscidin dam örtüyü dəyişilmiş və məscidin gün doğan tərəfindən qadınların ayrılıqda ibadət etmələri üçün əlavə zal artırılmışdır. Məscidin yenidən təmir olunmasında B.Qafarovun, Qoçu kişinin, Ə.Muradov, Ə.Quliyev, Ə.Cəbrayılov, Fəzail, Rahim, Təbriz Əzimoğlunun və başqalarının həm maddi, həm də mənəvi cəhətdən çox böyük xidmətləri olmuşdur. Rasim və Əliabbas ailəsi ilə birlikdə çalışmış, əllərindən gələn heç bir köməyi əsirgəməmişlər.
Məscid binasının ümumi sahəsi (17 m x 21 m) 357 kv.m-dir. Məscid mişar daşı ilə tikilmiş, tavanı isə taxtadandır. Döşəmədən tavanadək hündürlüyü 4 m-dir. Bu məsciddə kişi və qadınların ayrı-ayrılıqda ibadət etmələri üçün şərait vardır. Kişilərin ibadət etmələri üçün ayrılmış zalın, 16 m uzunluğu, 12 m eni olmaqla, sahəsi 192 kv.m-dir. Bu ibadət zalının tavanı 2 taxta darək üzərində doyaq tutmuşdur. Bu zalın işıqlı olması üçün 9 pəncərəsi, binanın şm. hissəsindən zala daxil olmaq üçün 1 qapısı vardır. Həmin hissədən binaya bitişik 5 m enində, məscid boyu uzanan açıqşəkilli eyvan vardır. Qadınların ibadət zalının isə 16 m uzunluğu, 5 m eni olmaqla, sahəsi 80 kv.m-dir. Bu zalın işıqlı olması üçün qiblə tərəfdə 1, binanın ş.tərəfində 4 olmaqla, 5 pəncərəsi və həmin tərəfdən zala daxil olmaq üçün qapısı vardır. Kişilərin ibadət zalına giriş qapısının sağında 3 m eni, 5 m uzunluğu olan ehtiyat otaq vardır. Məscidin damı şifer örtüklə örtülmüşdür.
Məscid insanlar tərəfindən müqəddəs bir abidə kimi gözəl bir şəkildə qorunub saxlanılır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 43-45