1946-cı il aprelin 5-də Göyçay şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi bitirərək Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1971-ci ildə həmin institutu telekommunikasiya mühəndisi ixtisası üzrə bitirib. 1972-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyi sistemində elmi-texniki informasiya mühəndisi, Nazirliyin texniki şöbəsində böyük mühəndis, 1973-cü ildən isə Nazirliyin Şəhər Telefon Şəbəkəsi şöbəsinin rəisi vəzifələrində çalışıb. 1974-1977-ci illərdə Leninqrad Elektrotexniki Rabitə İnstitutunun aspiranturasında təhsil alıb.
1977-ci ilin iyul ayında Bakı Rabitə Elektrik Texnikumuna şöbə müdiri göndərilir. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Elektrik rabitəsi” kafedrasına assistent qəbul olunur. 1980-ci ildə namizədlik dissertasiyası müdafiə edir, bir ildən sonra isə texnika elmləri namizədi elmi dərəcəsi alır.1981-ci ildə Azərbaycan Təhsil Nazirliyi xəttilə Böyük Britaniyanın Birminhem şəhərindəki Aston Universitetində bir illik elmi təcrübə keçir. 1983-cü ildə Azərbaycan Politexnik İnstitutunun “Elektrik rabitəsi” kafedrasına dosent seçilir, həmin il Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Telekommunikasiya İttifaqının eksperti təsdiq olunur. 1985-1986-cı illərdə bu vəzifədə Əfqanıstan telekommunikasiyasının inkişaf layihəsində iştirak edir. 1992-ci il iyunun 15-də Azərbaycan Respublikası Rabitə Naziri vəzifəsinə təyin olunur. 1992-1993-cü illərdə BMT eksperti kimi Liviyanın və Pakistanın inkişaf layihələrindəiştirak edir. 2002-ci ildə Azərbaycanda İKT-nın İnkişaf Strategiyası Layihəsi üzrə milli ekspert seçilir. Həmin ilin sentyabrından 2007-ci ilin iyununadək AMEA Kibernetika İnstitutunda (indiki İdarəetmə sistemləri İnstitutu) aparıcı elmi işçi, 2007-2009-cu illərdə isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Tarix Memorial Qoruğu “İnformasiya texnologiyaları və elmi araşdırmalar” bölməsinin rəisi vəzifəsində çalışıb. 150 elmi əsərin, 10 metodik göstərişin, 5 dərs vəsaitinin, 10 monoqrafiyanın müəllifidir. 2009-cu ildən təqaüddədir.
Əd.: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.16-17.