Azərb.-ın istiqlalı uğrunda mübarizə aparmış siyasi partiyalardan biri.
Türkçülük və türk xalqlarının birliyi ideyasının təsiri altında yaranıb (1918). Azərbaycanlıların və başqa türk xalqlarının Türkiyənin başçılığı ilə vahid türk dövləti halında birləşdirilməsi ideyasını təbliğ edirdi. Türkiyədəki “İttihad və tərəqqi” Partiyasının təsiri altında meydana gəlmişdir. Uzun müddət gizli fəaliyyət göstərmiş, 1918 ildən Qafqaz İttihad və Tərəqqi Firqəsi proqramının üz qabığı açıq işə keçmişdi. Respublika Dövlət Arxivində Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramı mühafizə edilir. Həmin sənəd Bakıda Əbuzər Orucovun elektrik mətbəəsində nəfis şəkildə “Haqq verilməz, alınar!” çağırışı ilə çap olunmuşdur. Proqramın üzərində onun çap tarixi göstərilməsə də, mətndən aydın olur ki, o, 1918 ildə nəşr edilmişdir. Qafqaz İttihad və Tərəqqi Firqəsinin yerlərdə də gizli şöbələri yaradılmışdır.
1918 il iyulun 28-də Bakı qubernatoru Göyçay qəza rəisinə məktub göndərərək ondan Göyçay ş.-də fəaliyyət göstərən İttihad və Tərəqqi Komitəsinin proqramı, onun məqsədləri və idarə quruluşu barədə məlumat verməsini tələb etmişdi. Öz növbəsində, Göyçay qəza rəisi də həmin il avqustun 1-də Qafqaz İttihad və Tərəqqi Firqəsi Göyçay şöbəsindən yuxarıda göstərilən məlumatları almışdır. Firqənin 17 səhifədən ibarət proqramı ilə yanaşı, onun Göyçay qəza mərkəzinin katibi tərəfindən imzalanmış və şöbənin möhürü ilə təsdiq edilmiş məktubu da Bakı quberniya idarəsinə göndərilmişdir.Verilən cavabdan məlum olur ki, Qafqaz İttihad və Tərəqqi Firqəsinin mərkəzi elə Göyçay olmuşdur. Məktubda göstərilir ki, firqə və şöbənin rəisi Hacı Baba bəy Süleymanzadə, xəzinədarı Mirzəqulu Sultanzadə, üzvləri – Ağamirzə Ağamirzəzadə, Əlibaba Səidzadə, Əbdülqasım Hüseynzadə, Əbdülhəmid Səidzadə, Əbdülhəmid Əfəndi Qazızadə, katibi isə Şərafəddin Hacı Veysəlzadə idi.
Məktubda partiyanın yaranması, onun məqsəd və vəzifələri barədə belə məlumat verilirdi: “Firqəli Türkiyədə olduğu kibi, Qafqaziyyədə dəxi və bilxassə Göyçayda bir çox sənə bundan müqəddəm məxfi surətdə təşkil və təsis edilmişdir. Fəqət rus hökumət mətruda müstəbidəsinin dövri-mənhusində ən qaranlıq qorxu və ehtiyat ilə millətin səadəti və vətəninin səlaməti uğrunda (eyni məramnamə möcübüncə) sərfi-iqtidar etmiş və meydana çıxacaq bir zaman və bir günü bəkləməkdə idi. Cənabi-həqqə həmd və sənalar olsun ki, Nikolay hökuməti inhifiramə uğrayıb zülm və istibdadı şəmsi-hürriyyətə mübtədil olduğu zaman bir pərdə və bir dərəa sərzəbeyi-zühur olaraq, nəhayət, 20 yanvar 1918 il tarixində ruyi-kafərindən pərdeyi-ixtifai büsbütün kənara atılıb, açıq çalışmağa və fəaliyyət xudapəsəidanəsini meydaniəlniyyəyə qoymağa nail olaraq məsudiyyəti-tams ilə yaşamaqda və bu surətlə millət və islamiyyətin nicat və səadəti uğrunda çalışaraq bəqədərül-imkan millət və vətənə ariz olan maddi və mənəvi əza və cəfanın dəfi və rəfinə müqtədirat etmiş və edəcəkini təəhhüd edir. Firqənin qayeyi-amalı isə məramnamənin eyni göstərdiki olub xilafinə olan cüzi, yaxud külli hər bir hərəkətə firqə mənsubları və məsləkdasları zidd olub və olmaqdadır”.
Proqramın girişində deyilirdi ki, dörd ildən bəri bəşəriyyəti ölümə aparan, dünyanı qana boyayan, yaşayış yerlərini viran eləyən nasionalizm və militariznm politikası hərbin əvvəlinə nisbətən bu gün daha qüvvətlidir. Proqramda qeyd olunurdu ki, gələcəkdə hüququ bəşər vicdana deyil, yenə də qüvvətə istinad edəcəkdir. Bundan sonra hansı millət güclü, zəngin və mədəni bir ordu təşkil edərsə, o millət böyük haqlara, yaxşı müttəfiqlərə malik olacaq və qorxusuz yaşayacaqdır. Zəmanəmizdə bir millətin həyatının üç qolu böyük qüvvət, böyük sərvət və böyük mədəniyyətdir. Partiya öz məramı kimi “bütün Qafqaz müsəlmanlarının əski ana Vətənimiz olan Türkiyəyə ilhaqı”, “dünyadakı bütün türklərin Türkiyəyə qatışması və bir hiss, bir tərbiyə ilə yüksələrək aləmi islama nigahban olması”nı təbliğ edirdi. Proqramda daha sonra göstərilirdi: “Əlhasil: Qafqasiyyə İttihad və Tərəqqi firqəsi iman edir və iddia eylər ki: türk ruhu ilə türk qanının layiq olduğu böyük qüvvəti, parlaq mədəniyyəti və tükənməz sərvəti ancaq Türkiyə bayrağı altında bulacaq və əski Şərəflərini o bayraqla qucaqlayacaqdır”. Firqə ideoloqları türk dilinin “türk aləminin hər yerində böyük firqələr ilə və haman ayrı lisanlar şəklində qonuşulmaqda və yazılmaqda” olduğunu göstərərək bəyan edirdilər ki, “türk aləmini təhlükəyə düşürən və türk birliyini pozan bu ayrılıqları aradan qaldırmaq zəngin və yeknəsək bir türk dili meydana gətirmək üçün hər yerdən ən müqtədir türk alimlərini cəlb edərək İstanbulda bir türk akademiyası təsis etməli və onun dəlaləti ilə ümumi türk aləminin qəbul edə biləcəyi həqiqi ana dilində tazədən bütün təhsil kitablarını yazmalıdır”. Azərb.-ın müstəqilliyinin qorunmasını qarşısında başlıca məqsəd qoymuş AXC-nin hakimiyyət orqanları Qafqaz İttihad və Tərəqqi Firqəsinin fəaliyyətini dayandırmışdı.
Mənbə: Paşayev A. Haqq verilməz, alınar, “Respublika” qəzeti, 1990, 22 dekabr;
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider Nəşriyyat”, 2005, s. 111-112.