Əfəndizadə Qafur Sədrəddin oğlu (22.5.1888, Göyçay qəz. Potu k. – 28.1.1944, Cizak vilayətində) – Azərb.-ın maarif xadimi, pedaqoq, yazıçı, AYB-nin üzvü (1934).
İlk təhsilini Potuda, dövrünün tanınmış ziyalılarından olan, Sədi Salis təxəllüsü ilə şeirlər yazan atası Sədrəddin Əfəndinin xüsusi məktəbində (1896–1905) almış, sonra Göyçay ş.-də İbrahim Həqqinin yeni üsul məktəbində (1905-08) oxumuşdur.
1911-14 illərdə İstanbul Darülfununun Tarix-filologiya fakültəsində təhsil almış, 1929 ildə ADU-nun tibb fakültəsini bitirmişdir. 1908 ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır. 1915 ildə fəaliyyətini şəhərdə yeni açılan “İqbal” məktəbində davam etdirmişdir. 1916 ildə “Nəşri-maarif” cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Potu kəndində yaşamış, 1919 ildə burada məktəb açmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalq maarifi sahəsində işləmiş, Göyçayda müəllim hazırlamaq üçün qısamüddətli pedaqoji kurslar təşkil etmişdir. Sonralar Bakıda Ali Pedaqoji İnstitutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində direktor vəzifəsində çalışmış, 1937 ildə Ağsu rayonuna köçüb diş həkimi işləmişdir. İttihad partiyasının üzvü olmuş Qafur Əfəndizadə 1939 ildə həbs olunaraq, Orta Asiyaya sürgün edilmiş, 1944 ilin 28 yanvarında Cizak vilayətində həbsxanada vəfat etmişdir.
Bədii yaradıcılığa əsasən 1924 ildən başlamış, satirik hekayələri mütəmadi olaraq mətbuatda dərc olunmuşdur. “Faiz” təxəllüsü ilə yazdığı şerləri və məqalələri “Təzə həyat”, “İqbal” qəzetlərində dərc olunmuşdur. 1934 ildən AYİ-nın üzvü olan Qantəmirin “Buğda quyusu”, “Ağıl dəryası”, “Mirzə Aves”, “İntelligent”, “Hacı Qambay”, “Sara bibi”, “Vəsiyyət” və s. əsərləri geniş oxucu kütləsinin diqqətini cəlb etmişdir. Hələ sağlığında “Ağıl dəryası” (1930), “Şarlatanlar” (1934), “Kolxozıstan” (1935) adlı kiltabları nəşr olunmuşdur. 1964, 1972 illərdə Bakıda seçilmiş əsərlərindən ibarət topluları dərc edilmişdir.
Mənbələr: Abdullayev A. Qantəmirin həyatı və yaradıcılığı. Filologiya elmləri namizədi diss. avtoreferatı, Bakı, 1964;
Azərbaycan sovet ədəbiyyatı tarixi, 2 cilddə, c.1, Bakı, 1967, s. 82;
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider Nəşriyyat”, 2005, s. 120;
Süleymanlı Ş. “Azərbaycan ədəbiyyatı ensiklopediyası: ən qədim dövrlərdən 1920-ci ilədək: I cild”, Bakı, “Nağıl evi” nəşriyyatı, 2008, s. 303.