Qarabaqqal k.-də vaxtilə 5-6 məscid və bir çox hücrənin olduğunu deyirlər. Qarabaqqal k.-də ilk məscid Rəhim Əfəndinin adı ilə bağlıdır. İlk məscidi Rəhim Əfəndi tikdirmişdir. Rəhim Əfəndinin atası bu k.-də ilk məskunlaşan insanlardan olub. Bu k.-də ilk yaşayış 1810-20 illərdə başlamışdır. Kənddə yaşamış Molla Əziz kişi 1960-62 ilərdə İsmayıl Abdulqədir oğlu ilə bu barədə söhbət edib. O zaman Əziz kişi 70-75 yaşlarında olardı. O deyirdi ki, Rəhim Əfəndi həmin məsciddə ona dərs verib. O zaman onun 11 yaşı var idi. Bu da təxminən 1890 illərə təsadüf edir. Belə qənaətə gəlmək olar ki, Rəhim Əfəndinin atası Hacı İsmayıl kişi 1810-20 illərdə bu kənddə ilk məskunlaşan insanlardan olub. Hacı İsmayılın adını həmin şəxs daşıyırmış. Məlumatı verərkən 66 yaşında olub.
Məscidin sağ qalan divarı ilə onun evinin divarı arasında 10 m məsafə olub. İsmayıl müəllim Rəhim Əfəndi haqqında söyləyərək, onun bu və digər kəndlərin əfəndisi olduğunu bildirirdi. Hacı Rəhim Əfəndi heç bir haqq almadan cavanlara kəbin kəsər, məsciddə toplanan zəkatdan özünə bir az götürdükdən sonra geriyə qalanını insanlara paylayardı. Sonradan zəkat verənə paylanan zəkatın siyahısını verərdi. Hacalı kənddə yaşayan Molla İsmayıl baba deyirdi: “Atam deyərdi ki, Hacı Rəhim Əfəndi o qədər pak, halal insan idi ki, onun qəbri ziyarətgah olmalıdır”.
Azərb.-da Şura hökümətinin qələbə çaldığı andan etibarən İslam dininə hücumlar başlandı, məscidlər dağıdıldı və dini kitablar yandırıldı. Rəhim Əfəndinin məscidində olan şəriət kitablarını, Quranları da məscid damından yerə töküb bir yerə toplayıb yandırdılar. Bu hadisə 1930-35 illərdə mənim ana-atamın gözləri qarşısında baş vermişdir. Məscid iki otaqdan ibarət idi. İçərisi taxta döşəməli, çiy kərpicdən tikilmişdir. Damı kirəmit örtüklə örtülmüşdür. Kolxoz dövründə məscid binasından bir müddət taxıl anbarı kimi istifadə olunmuşdur. 1955 ildə kolxoz anbarı tikildikdən sonra məscid mal tövləsinə çevrildi. Pambıq sahəsindən, əkinlərdən tutulan heyvanları bura salırdılar. Beləliklə, məscidi dağıtdılar, kirəmitlər götürülüb satıldı. Divarları sökdülər. Məscidin ön divarı salamat qaldı və bu gün də həmin divar salamat qalmaqdadır. Bu k.-də ayrı bir məscid də olmuşdur. Bu məscid k.-in Köhnə bağ adlandırılan ərazisində olmuşdur.
Sovet hakimiyyəti illərində məsciddən anbar, tövlə kimi istifadə olunub. Elə həmin illərdə məscid dağıdılıb. Məscidin ərazisi bugün də qorunub saxlanılır. Həmin yer insanların müqəddəs inam yerlərindən biri olaraq “Diş piri” kimi tanınır. Kənd camaatı dişi ağrıdığı zaman buranı ziyarət edir və həmin yerə nəzir qoyur.
Bu k.-də digər bir məscid də Kərim Əfəndinin adı ilə bağlıdır. Kərim Əfəndi bu məscidi öz vəsaiti hesabına tikdirmiş, lakin 1933 ildə məscidi dağıdıblar.
2020-сi ildə Qarabaqqal kənd sakinləri, hazırda Bakıda yaşayan iş adamları Rəhimov Araz Nüsrət oğlu və Salmanov Salman Elxan oğlunun şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə Qarabaqqal kəndində yeni məscid tikilib əhalinin istifadəsinə verilmişdir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”. Bakı, İpəkyolu, 2014, s. 41-43.