Sovet hakimiyyətinin ilk illərindən başlayaraq yeni quruluşa qarşı baş qaldıran narazılıqlar ötən əsrin 30-cu illərinin ortalarına qədər davam etdi. Həmin dövrdə kollektivləşməyə, yəni kolxoz quruluşuna qarşı ayrı-ayrı bölgələrdə baş verən bu narazılıqlar bəzən üsyanlar səviyyəsinə qədər gəlib çatırdı. Belə bölgələrdən biri də Göyçay idi. 1930 ilin noyabr ayında Qaraməryəm kəndliləri sovetlərə qarşı üsyan qaldırırlar. Hələlik yazılı təsdiqlənməmiş məlumata görə, üsyan düz bir il çəkmişdir. Sovet dəstələri üsyançılarla amansız davranırlar. 1931 ilin noyabrında keçirilən əməliyyat nəticəsində Göyçay, Zərdab, Ucar, Kürdəmir və digər bölgələrdə sovetlərə qarşı vuruşan Məhəmməd Həsən oğlu Xəlilovun rəhbərlik etdiyi üsyançı dəstələr ləğv olundu, üsyançıların bir hissəsi İrana qaça bildi.
Mənbə: M.Zülfüqarlı. “Göyçay tarixi”. Bakı, 2022.