Bu kənddə ilk məscidi Hacı Salman Əfəndi tikdirmişdir. Bu da təxminən XIX əsrin ortalarına, 1840-50 illərə təsadüf edir. Hacı Salman Əfəndi buraya İsmayıllı r-nunun Xəlilli k.-dən gəlmişdir. Bu gün Hacı Salman Əfəndinin qəbri insanların inam yerlərindən biridir. Həmin məscid indiki Qaraman k. orta məktəbinin futbol meydançasının ərazisində yerləşirdi.
Alim Ə.Əlioğlunun “Göyçay – nəyi bilirik?” adlı kitabında deyildiyinə görə, bu kənddə məscidlə bərabər, mədrəsə olmuşdur. Burada ilk dini məktəbi açan insan Molla Həsən olmuşdur. O, övladları Mahmud və Hafiz Davud qardaşlarını İstanbulda şəriət elmləri üzrə oxutmaq qərarına gəlmişdir. Bu qardaşlar əfəndi kimi tanınsalar da, riyaziyyat və coğrafiya müəllimi olmuşlar. Bu məsciddə Yəhya Əfəndi, Mallı-Şıxlı k.-dən gəlmiş Molla Həsən, Şamaxıdan gəlmiş Yusif Əfəndi imamlıq etmiş, həm də mədrəsədə dərs vermişlər. Həmin mədrəsəyə bu ərazilərdən olmaqla bərabər, şəriət elmlərini öyrənmək üçün digər bölgələrdən də tələbələr gəlirdilər. İndiki Qaraman k. orta məktəbinin yerində hücrələr var idi. Başqa yerlərdən oxumaq üçün gələn tələbələr bu hücrələrdə qalırdılar.
Bu kənddə digər bir məscid Hacı Rəhim Əfəndi məscidi olmuşdur. Məscidi 1891 ildə Hacı Rəhim Əfəndi tikdirmişdir. Məscid bu gün də qalmaqdadır. Bu məscid Göyçay r-nunun qədim abidələri arasında xüsusi yer tutur. Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. (İNV. 4271)
Məscid çiy kərpicdən inşa edilmiş, damı isə kirəmit örtüklə örtülmüşdür. Minarəsi məscid damının üzərində idi. Məscidin minarəsinə çıxmaq üçün məscidin içindən pilləkənlər var idi. Sovet hakimiyyəti illərində məsciddən anbar, klub və kolxoz idarəsi kimi istifadə olunmuşdur. Məscidin yararsız hala düşdüyünü görən Hacı Rəhim Əfəndinin nəvəsi Elxan Süleymanov 1993-95 illərdə yenidən öz vəsaiti hesabına abidəni əsaslı şəkildə təmir etdirmişdir. Divarının qalınlığı 90 sm-dir. Həmin divarının üzərinə yenidən ağ və qırmızı rəngli kərpiclərlə insanların zövqünü oxşayacaq şəkildə əlavə qat çəkilmişdir. 2000-01 illərdə təxminən 10 m hündürlüyündə, 1 şərəfəli minarə tikilmişdir.
Məscid binası 18 m uzunu, 16 m enində 256 kv.m-dir. Eyni anda 200 nəfərin birlikdə ibadət etməsi üçün əlverişlidir. Məscidin ibadət zalına daxil olmaq üçün biri böyük, ikisi kiçik olmaqla 3 qapısı vardır. Qapılar binanın şm. hissəsindədir. İbadət zalının işıqlandırılması üçün 4-ü binanın ş.-ində, 4-ü q.-də, 4-ü qiblə tərəfdə olmaqla 12 pəncərəsi vardır. Qapılar və pəncərələr düzbucaqlı formadadır. Binanın önündə 4 dəmir sütun üzərində dayaq tutmuş 3 m enində məscid boyu uzanan açıqşəkilli eyvan vardır. Məscidin damı ağ dəmir örtüklə örtülmüşdür. Məscidin 16 m hün.-də bişmiş kərpicdən tikilmiş bir şərəfəli minarəsi vardır.
Binanın daxili gözəl naxışlarla bəzədilmişdir. Bu memarlıq abidəsi Hacı Rəhim Əfəndi məscidi adlanmaqla bərabər, həm də “Naxışlı məscid” kimi tanınmaqdadır. Məscidin divarlarına gözəl xəttatlıqla Uca Allahın bir neçə ismi yazılmışdır. Məscid mehrabının içərisinə Fatihə surəsi yazılmışdır. Hacı Rəhim Əfəndinin üzərində oturub insanlara vəz verdiyi kürsü bu gün də qorunub saxlanılır. Hacı Rəhim Əfəndi məscidi bu gün rayonda cümə namazı qılınan məscidlərdən biridir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 39-41;
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı, “Beynəlxalq Əlhuda”, 2001, s.164.