(22.4.1952, Göyçay r-nunun Qarabaqqal k.–27.3.2007, Göyçay r-nunun Qarabaqqal k.) – güləşçi, məşqçi-müəllim, SSRİ idman ustası (1979), kənd idmançıları arasında klassik (Yunan-Roma) güləş üzrə SSRİ çempionu (1979), VII Respublika Spartakiadasının qalibi (1979).
Quliyev 1969 ildə orta məktəbi bitirmiş, 1971-72 illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. 1990 ildə ADBTİ-ni bitirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərb. Mübariz Müharibə Veteranları Birliyinin üzvü olmuşdur. İdmançı kimi bir çox uğurlar əldə etmişdir. Yeniyetmələr arasında Bakı ş. birinciliyində 1-ci (1970), Ümumittifaq Ehtiyat Əmək Qüvvələri Könüllü İdman Cəmiyyətinin yeniyetmələr arasında 1-ci Respublika Spartakiadasında 2-ci (1969), Ehtiyat Əmək Qüvvələri Könüllü İdman Cəmiyyətinin gənclər arasında X Spartakiadasında 1-ci (1970) yerləri tutmuşdur.
Quliyev məşqçi kimi də bir çox uğurlara imza atmışdır. Göyçayda uşaqlar və yeniyetmələr arasında güləş idman növünün yayılmasında, təbliğ olunmasında, inkişafında böyük xidmətləri vardır. Məşqçilik dövründə yüzlərlə idmançı yetişdirmişdir. Yetirmələri arasında çempionlar, fəxri mükafatçılar, idman ustaları, dərəcəli idmançılar vardır. Bir çox turnirlərdə, birinciliklərdə hakimlik etmişdir. Dəfələrlə fəxri fərmanlara, tərifnamə və təşəkkürnamələrə layiq görülmüşdür. Mətbuatda haqqında dəfələrlə yazılar getmişdir.
Məlumat A. Məmməddən alınıb