(Rzayev Rəsul İbrahim oğlu) (19.5.1910, Göyçay ş.-1.4.1981, Bakı ş.) – Azərbaycan SSR xalq şairi (1960), dramaturq, tərcüməçi, ictimai xadim, Azərbaycan YB-nın üzvü (1934), Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1945), Stalin mükafatı laureatı (1951), Azərb. Ali Sovetinin deputatı (VII çağırış).
Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şeirlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun ata evinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır.
Rəsul Rza altı yaşı olarkən Göyçayda məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925 ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930 ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar.
Bakıda bədii yaradıcılıqla yanaşı R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.
1941 ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı.
1927 ildən çap olunmağa başlamış R. Rza XX əsrin 30-cu illərinin əvvəllərində “Qadınlar”, “Çinar”, “Almaniya”, “Madrid”, “İnqaleyso” adlı antifaşist şeirlər yazaraq oxucuların rəğbətini qazanmışdır. 1941-45-ci illərdə sovet-alman müharibəsinə qarşı şeirləri və hekayələri ilə çıxmış, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” adlı məcmuələri nəşr etdirmişdir. Cənubi Azərbaycanda olan qardaşlara “Hilal” adlı poema həsr etmişdir. 50-ci illərdə R. Rza yaradıcılığı rəngarəng fəlsəfi motivlər daşıyıcısına çevrildi. 1961 ildə Nəriman Nərimanova həsr etdiyi “Xalq həkimi” poemasını, 70-ci illərdə “Dünən, bu gün və sabah”, “1418”, “Üzü küləyə” poemalarını yazdı. R.Rzanın 1960 illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır.
Rəsul Rza uşaqlar üçün də şeir və hekayələrin, elmi publisistik məqalə və oçerklərin müəllifidir. H. Lonqfello, C. Bayron, Lope de Veqa, Ş. Petefi, A. Blok, P. Elyuar, A. Puşkin, M. Lermontov, N. Nekrasov, T. Şevçenko, M. Mayakovski və bir sıra başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Rəsul Rzanın əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Rəsul Rza Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmiş, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin üzvü, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–38), Azərb. Dövlət Filarmoniyasının müdiri (1938), Azərb. Sovet Yazıçıları İttifaqının sədri (1938–39), Bakı kinostudiyasının müdiri (1942–44), kinematoqrafiya idarəsində rəis (1944–46), Azərb. SSR kinematoqrafiya naziri (1946–49), Azərb. Sovet Ensiklopediyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Dəfələrlə Azərb. Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.
Rəsul Rzanın həyat yoldaşı Rəfibəyli Nigar Xudadat bəy qızı (1913-81) məşhur Rəfibəylilər nəslindəndir. “Ana səsi” (1969), “Günəşdən gənclik istədim” (1974), “Bir həzin axşamda düşsəm yadına” (1982), “Şanlı nəsillərin yadigarıyam” (1993) kitablarının müəllifidir. 1993 və 2004 illərdə “Seçilmiş əsərləri” çapdan çıxmışdır. Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür. Onların 1938 ildə doğulmuş övladları Anar tanınmış yazıçı, dramaturq, ssenarist və kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin sədridir.
Görkəmli şair, ictimai xadim Rəsul Rza 1981 il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri onun adını daşıyır.
Mənbə: Görkəmli Azərbaycanlılar. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. President Kitabxanası, 2016, s.162.