(21.2.1929, Göyçay qəz. Müskürlü k. – 3.9.1986, Bakı ş.) – inşaatçı, Azərb. SSR-in Sosialist Əməyi Qəhrəmanı (1977).
Əmək fəaliyyətinə 1943 ildə Lenin adına kolxozda başlayıb. 1949 ildə Azərb. SSR Sənaye Tikintisi Nazirliyinin 4 №-li trestinin 46 №-li tikinti idarəsində, kompleks briqadada suvaqçı kimi çalışmağa başlayan H.Rəsulov 1975 ildən həmin briqadanın briqadiri olur. Qısa vaxt ərzində H.Rəsulov qabaqcıl təcrübəni öz işinə tətbiq edən və yüksək məhsuldar, eyni zamanda yüksək keyfiyyətli əmək prinsipi ilə fəaliyyət göstərən bacarıqlı inşaatçı kimi şöhrət qazanır.
1970 ildə H.Rəsulov Sosialist Əməyi Qəhrəmanı N.Zlobinin briqada podratı üsulunu respublikada ilk dəfə tətbiq etməyi qərara alır. İnşaatçının hesabında asbest-şifer kombinatı, dəmiryol vağzalı, tikinti maşınlarının təmiri zavodu, 3 saylı mənzil-inşaat kombinatı da var idi. Rəsulov və onun briqadası daha çox Yeni Bakı Neft Emalı Zavodunun tikintisində fərqləndilər: Kollektiv burada koks qurğularının və neftin ilkin emalı qurğularının tikintisində iştirak edirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 21 iyul 1977 il tarixli Fərmanı ilə Yeni Bakı Neftayırma Zavodunda neftin emalı kompleksinin tikintisi zamanı əldə etdiyi görkəmli nailiyyətlərə görə H.Rəsulova Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib və o, Lenin ordeni və “Oraq və çəkic” qızıl medalına layiq görülüb.
Mənbə: Azərbaycan Sovet Ensiklopediyası. VIII Cild, Bakı, 1984, s. 138.