Rzayev Rəsul İbrahim oğlu (19.5.1910, Göyçay ş. – 1.4.1981, Bakı ş.) – Azərb. SSR Xalq şairi (1960), dramaturq, tərcüməçi, ictimai xadim, AYB-nin üzvü (1934), Sosialist Əməyi Qəhrəmanı (1980), Azərb. SSR Əməkdar incəsənət xadimi (1945), “Lenin” ordeni (1946; 1970; 1980), Stalin mükafatı laureatı (1951), Azərb. Ali Sovetinin deputatı (VII çağırış).
Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. Anası Məryəm poetik istedada malik olmuş, öz şeirlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun ata evinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu faktorların Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır.
R.Rza altı yaşı olarkən Göyçayda məktəbə getmişdir. On dörd yaşında oxumaqla yanaşı, həm də şəhər kitabxanasında işləmişdir. 1925 ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930 ildə Bakıya köçür; o vaxt böyük bacıları şəhərdə yaşayırdılar.
Bakıda bədii yaradıcılıqla yanaşı, R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərb. Tibb İnstitutunun hazırlıq kursunu, Azərb. Tibb İnstitutunu, Azərb. Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.
1941 ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərb. diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayır, bunlar da şeirlərində öz təkrarsız ifadəsini tapırdı.
1927 ildən çap olunmağa başlamış R.Rza XX əsrin 30-cu illərinin əvvəllərində “Qadınlar”, “Çinar”, “Almaniya”, “Madrid”, “İnqaleyso” adlı antifaşist şeirlər yazaraq oxucuların rəğbətini qazanmışdır. 1941-45 illərdə sovet-alman müharibəsinə qarşı şeirləri və hekayələri ilə çıxmış, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” adlı məcmuələri nəşr etdirmişdir. Cənubi Azərb.-da olan qardaşlara “Hilal” adlı poema həsr etmişdir. 50-ci illərdə R.Rza yaradıcılığı rəngarəng fəlsəfi motivlər daşıyıcısına çevrildi. 1961 ildə Nəriman Nərimanova həsr etdiyi “Xalq həkimi” poemasını, 70-ci illərdə “Dünən, bu gün və sabah”, “1418”, “Üzü küləyə” poemalarını yazdı. R.Rzanın 1960 illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır.
R.Rza uşaqlar üçün də şeir və hekayələrin, elmi – publisistik məqalə və oçerklərin müəllifidir. H.Lonqfello, C.Bayron, Lope de Veqa, Ş.Petefi, A.Blok, P.Elyuar, A.Puşkin, M.Lermontov, N.Nekrasov, T.Şevçenko, M.Mayakovski və bir sıra başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. R.Rzanın əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
R.Rza Azərb. Yazıçılar İttifaqına rəhbərlik etmiş, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-38), Azərb. Dövlət Filarmoniyasının müdiri (1938), Azərb. Sovet Yazıçıları İttifaqının sədri (1938-39), Bakı kinostudiyasının müdiri (1942-44), kinematoqrafiya idarəsində rəis (1944-46), Azərb. SSR kinematoqrafiya naziri (1946-49), Azərb. Sovet Ensiklopediyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərb. şöbəsi idarəsinin sədri, AR Ali Sovetinin (VII çağırış) deputatı, Azərb. KP təftiş komissiyasının, Lenin və SSRİ Dövlət Mükafatları Komitəsinin üzvü olmuşdur. O, Sosialist Əməyi Qəhrəmanı (1980), 3-cü dərəcəli”Stalin” mükafatı (1951), “Lenin” ordeni (1946; 1970; 1980), “Şərəf nişanı” ordeni (1938) və çoxlu sayda medallarla təltif olunmuşdur.
R.Rzanın həyat yoldaşı Rəfibəyli Nigar Xudadat bəy qızı (1913-81) məşhur Rəfibəylilər nəslindəndir. “Ana səsi” (1969), “Günəşdən gənclik istədim” (1974), “Bir həzin axşamda düşsəm yadına” (1982), “Şanlı nəsillərin yadigarıyam” (1993) kitablarının müəllifidir. 1993 və 2004 illərdə “Seçilmiş əsərləri” çapdan çıxmışdır. Azərb.-ın Xalq şairi adına layiq görülmüşdür. Onların 1938 ildə doğulmuş övladları Anar tanınmış yazıçı, dramaturq, ssenarist və kinorejissor, AYB-nin sədridir.
R.Rza Fəxri xiyabanda dəfn olunmuşdur. Bakı küçələrindən biri onun adını daşıyır.
Mənbə: “Görkəmli azərbaycanlılar”. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. Prezident Kitabxanası, 2016, s.162.